Odlar Yurdu

Darkənd türbəsi

Bu memarlıq abidəsi Ordubad rayonunun Darkənd kəndindədir.

 

Türbə kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır. Abidənin dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. 

 

Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir. Bu mülahizəyə əsasən Darkənd türbəsinin XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.