Görkəmli şəxsiyyətlər

Qurban Pirimov

Qurban Baxşəli oğlu Pirimov 1880-ci ilin oktyabr ayında indiki Ağdam rayonunun Gülablı kəndində dünyaya göz açıb. Keçmiş Şuşa qəzasının tərkibinə daxil olan Abdal-Gülablı kəndi hələ o vaxtlardan Qarabağ mahalında xalq aşıqlarının yetişdiyi məskənlərindən biri kimi tanınırdı.

 

Qarabağ hər zaman Qafqazın ən böyük musiqi mərkəzlərindən biri olub. Bir çox görkəmli xanəndələrimizi, məşhur musiqiçilərimizi yetirən bu torpaqda milli-mənəvi irsimiz illərlə şəcərədən-şəcərəyə ötürülüb. Bu qan yaddaşı Q.Pirimovun da taleyində özünü göstərirdi. Əslən XVIII əsrin adlı-sanlı saz-söz sənətkarı Aşıq Valehin şəcərəsinə mənsub olan Q.Pirimovun atası özü də el aşığı idi. Balaca Qurban hələ uşaq yaşlarından musiqiyə həvəs göstərərək saz, balaban, nağara, zurna kimi çalğı alətlərimizdə ifa etməyi öyrənmişdi. Oğlunun bu bacarığını görən Baxşəli kişi onu Şuşa şəhərinə müasir Azərbaycan tarının yaradıcısı Mirzə Sadığın (Sadıqcanın) yanına şagirdliyə göndərir. Ustadı Sadıqcandan tarda sərbəst çalmağı öyrənən yeniyetmə Qurban artıq 15 yaşından Qarabağda tarzən kimi tanınmağa başlayır. 1903-cü ildən musiqi məclislərində xanəndə İslam Abdullayevi tarda müşayiət edərək ölkənin bir çox bölgələrinə toylara gedir. Həmin toylardan birində dövrünün ən nüfuzlu xanəndəsi olan Cabbar Qaryağdıoğlu ilə tanış olur və onun dəvəti ilə 1905-ci ildə Bakıya köçür. Tezliklə xanəndə mükəmməl ifası ilə sənət xiridarlarının rəğbətini qazanan bu gənc tarzəni özünün yaratdığı üçlüyə qəbul edir. Çox çəkmir ki, həmin bu üçlüyün səs-sorağı nəinki bütün Qafqaza, hətta onun hüdudlarından kənara yayılır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirərək müxtəlif yerlərdə- Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olur. Onların ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində müxtəlif səs yazma şirkətləri tərəfindən qrammofon vallarına yazılır.

 

Ömrünün düz 40 ilini Azərbaycan Opera və Balet Teatrına sərf edən Q.Pirimov milli opera sənətinin yaranmasında bilavasitə yaxından iştirak edib. O, əsl bir dost kimi dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həyatının ilk sınağında böyük mənəvi dəstək göstərib. Belə ki, 1908-ci il yanvar ayının 12-də Tağıyev teatrında oynanılması nəzərdə tutulan “Leyli və Məcnun” operasının ilk tamaşasına hazırlıq prosesində heyət ciddi maneələrlə rastlaşıb. Bir çoxlarının bildiyi kimi həmin çətinliklər yalnız qadın rolları üçün aktyor axtarışı, kostyum tədarükü, dekorasiyalar və s. deyil, həm də musiqiçiləri bir araya yığmaqda idi. Xalq artisti Əfrasiyab Bədəlbəyli öz xatirələrində yazır ki, tamaşa qoyulduğu gün orkestrdə tar partiyasını çalmalı olan tarçı dəstəsi gündüz öz aralarında baş verən bir mübahisəni bəhanə gətirib axşam tamaşaya gəlməkdən boyun qaçırıblar. Bu xəbəri eşidən bəstəkarın dostları onu tək qoymayaraq tamaşanın ərsəyə gəlməsi üçün öz yardımlarını əsirgəməyiblər. Hüseyn Ərəblinskinin quruluş verdiyi operanın tamaşasına dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev edib. Orkestrdə skripkanı Üzeyir bəyin özü, tarda soloları isə tarzən Qurban Pirimov ifa edib.

 

Q.Pirimovun yaradıcılığının xüsusiyyəti ondan ibarətdir ki, bir çox məşhur əsərlər məhz onun bənzərsiz ifasının təsirindən yaranıb. O, məharətlə ifa etdiyi muğamlarla hər kəsin qəlbinə yol tapa bilib. Azərbaycan operasının təşəkkül dövründən başlayaraq görkəmli tarzən-solist kimi tanınan Q.Pirimov öz çalğısı ilə bütün bir orkestrın işini görür, vokalistləri məharətlə müşayiət edirdi. 1934–cü ildə səhnəyə qoyulan “Şahsənəm” operasının bəstəkarı Reynqold Qliyer öz əsərinin ən gözəl leytmotivlərini Q.Pirimovun “Arasbarı” və “Qarabağ şikəstəsi” çalğısından ilhamlanaraq yaradıb. Həmçinin Üzeyir Hacıbəyli özünün şah əsəri “Koroğlu”, Müslüm Maqomayev isə “Nərgiz” və “Şah İsmayıl” operalarında bir çox musiqi parçalarını tarzənin bənzərsiz ifasına uyğun bəstələyiblər. Bundan əlavə bəstəkar Fikrət Əmirov da “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları üzərində işləyərkən bir peşəkar kimi Q.Pirimovun köməyinə müraciət edib.

 

Sənətkarın yaradıcılığında klassik ifaçılıq sənətinin ali cəhətləri ilə müasir musiqi mədəniyyətinin ənənələri çox parlaq şəkildə birləşmişdi. Dahi bəstəkarımız SSRİ xalq artisti Qara Qarayev Q.Pirimovun sənətini belə səciyyələndirirdi ki, onun tarı sanki adi taxtadan və sümükdən düzəldilmiş bir alət deyil, xalqımızın ürəyinin atəşindən yaranmışdı. Bəstəkar ardınca, tarzənin çalğısında füsunkar bir gözəllik olduğunu, vurduğu hər mizrabda neçə ürəyin arzularından xəbər verdiyini, neçə qəlbin tellərini titrətdiyini ifadə edərək yazır ki, bu qocaman sənətkarın ifasına həyəcansız qulaq asmaq mümkün deyildi.

 

Q.Pirimov mahir bir tarzən olduğu kimi, həm də uzun illər peşəkar müəllim kimi də fəaliyyət göstərib. 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında yaxından iştirak edərək öz sənət dostları ilə birlikdə milli musiqimizin fəal təbliğatçılarından biri olub. Onun Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın və başqa görkəmli xanəndələrin, Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov kimi Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələrinin yetişməsində xidməti danılmazdır.

 

Yaradıcılığının ilk illərindən başlayaraq ömrünün sonuna kimi vətəninə, xalqına ləyaqətlə xidmət edən sənətkar 1929-cu ildə Əməkdar artist, 1931-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

 

Yetmiş illik yaradıcılıq yolunda mədəniyyət tariximizdə unudulmaz izlər qoymuş Qurban Pirimov 1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

 

Qeyd edək ki, Q.Pirimovun qızı Sara xanım Azərbaycanın ilk qadın pianoçularındandır. Sara xanımın həyat yoldaşı dramaturq və ictimai xadim, Xalq yazıçısı Mirzə İbrahimov, övladları isə bəstəkar, professor Xalq artisti Sevda İbrahimovadır.