Görkəmli şəxsiyyətlər

Maqsud Məmmədov

Maqsud Məmməd oğlu Məmmədov 1897-ci ilin dekabrında İrəvan şəhərində anadan olmuşdur. İrəvanın məşhur ziyalılarından olan Abbas Məhəmmədzadənin qardaşı oğludur. Maqsud Məmmədov, İrəvan kişi gimnaziyasını bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda, Yakov Sverdlov adına Kommunist Universitetində təhsil almışdır.

 

Əmək fəaliyyətinə 1915-ci ildə İrəvan şəhərində müəllim kimi başlamışdır. 1920-1923-cü illərdə Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1925-1927-ci illərdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Xalq Maliyyə Komissarlığında işləmiş, 1929-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olmuşdur. 1930-1931-ci illərdə Azərbaycan xalq maarifi komissarı vəzifəsində çalışmışdır. Maqsud Məmmədov Azərbaycan xalqının təhsil və mədəni səviyyəsinin yüksəlməsi üçün böyük enerji sərf etmişdir.


1931-ci ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü ilə kimi bu vəzifədə çalışmışdır.


1933-1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru olmuşdur.


Partiya işində zəngin təcrübəsini nəzərə alaraq onu yenidən Mərkəzi Komitədə işləməyə dəvət etmişlər. 1936-1937-ci illərdə Azərbaycan K(b)P MK-nın şöbə müdiri işləmişdir. 1937-ci il iyulun 29-dan sentyabrın 19-na qədər “Azərnəşr”in direktorunun səlahiyyətlərini icra etmişdir.


Maqsud Məmmədov Azərbaycan K(b)P MK-nın büro üzvü seçilmiş, 1933-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə Azərbaycan dilində nəşr olunan V.İ.Leninin “Seçilmiş əsərləri”nin redaktor və tərcüməçilər qrupunun tərkibində təmsil olunmuşdu.


1920-ci ilin sentyabrından Azərbaycan Kommunist Partiyasının üzvü olan Maqsud Məmmədov, 1925-1927-ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin, 1930-1934-cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin, 1931-ci ildən Azərbaycan K(b)P MK-nın, 1931-1933-cü illərdə Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilmişdi.


Repressiya qurbanlarından olan Maqsud Məmmədov 1937-ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuş və güllələnmişdir. Maqsud Məmmədova, 1957-ci ildə bəraət verilmişdir.