Xəbərlər

Sumqayıtda karate üzrə klublararası ənənəvi turnir keçirilib

Sumqayıt Olimpiya İdman Kompleksində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş klublararası ənənəvi karate turniri keçirilib.

 

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnir federasiya və “Dostluq” əlbəyaxa döyüş idman növləri klubunun Sumqayıt şəhər şöbəsi tərəfindən keçirilib.

 

Yarışın açılış mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov, Sumqayıt şəhər gənclər və idman baş idarəsinin rəisi Elgün Hümbətov, federasiyanın baş katibi Mirhəsən Seyidov, idarə heyətinin üzvü Fizuli Musayev, Azərbaycan Şotokan Karate-do Federasiyasının prezidenti Elçin Mehdizadə və turnirin təşkilat komitəsinin sədri Rafael Məmmədov çıxış edərək ölkəmizdə karatenin dinamik inkişafından danışıblar. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində atletlərimizin, o cümlədən karateçilərimizin beynəlxalq yarışlarda qazandıqları nəticələr diqqətə çatdırılıb. Həmçinin aşağı yaş qruplarında uşaqlar arasında təşkil olunan belə turnirlərin karatenin kütləviliyinin artırılması baxımından əhəmiyyəti vurğulanıb.

 

Nümunəvi çıxışlar və bədii hissədən sonra 6-17 yaşlı uşaq, yeniyetmə və gənclər arasında yarışlara start verilib.

 

Turnirdə fərqlənən idmançılar kubok, diplom və medallarla mükafatlandırılıblar.