Odlar Yurdu

Nuh Türbəsi

Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə VIII-XII əsrə aid memarlıq abidəsidir. K. A. Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsində Həzrəti Nuh peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunmuşdur: "Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub 2,5 m. dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur".

 

V. M. Sısoyev əsərində "Nuhun türbəsi" haqqında məlumat verərkən sərdabənin tərəfləri 2,5 m olan səkkizguşəli prizma şəklində olduğunu qeyd etmişdir.

Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkmişdir. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı türbənin yerləşdiyi ərazi də təsvir edilmişdir. Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr vardır.

 

Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlı qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapmışdır.

 

Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ. Şopen, Dyubua-de Monpere, K. A. Nikitin, V. M. Sısoyev və digər tədqiqatçılar məlumat vermişlər. XIX əsrin 80 illərində Naxçıvan şəhərində yaşayıb, pedoqoji fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A. Nikitin (1832-1894) yerli əhalinin köməyi ilə Nuh peyğəmbərin bu qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya almış və onun buradakı məzarının yerini müəyyənləşdirmişdir.

 

Nikitin 1882-ci ildə "Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar" məcmuəsində çap olunmuş "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsində bu barədə müfəssəl məlumatlar vermişdir: "...Bundan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur. Hələ indi də onun buradakı məzarı və türbəsinin yerini göstərirlər. Hətta Nuhun Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti xalq arasında dolaşan rəvayətlərdə indi də saxlanılmaqdadır. Guya ki, o, burada ilk çalışanlardan olmuşdur. ...O, öz ailəsi ilə burada qərar tutmuş və gələcək şəhərin əsasını qoymuşdur. Naxçıvan şəhərinin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir... Rəvayətlərə görə insan nəsli buradan yayılmışdır." Nuhun gəmisinin qalıqlarının Gəmiqayada olması barədə ehtimallar və rəvayətlər indi də yaşamaqdadır.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.