Bu maraqlıdır!

Çəkisizlik

Masa üzərinə qoyulmuş cisim ağırlıq qüvvəsi ilə masaya təsir edir. Masa da həmin təsirə əks istiqamətli təsirlə cavab verir. Nəticədə cisimlər bir-birinə qarşılıqlı təzyiq edir və onların hissələri öz formasını dəyişir, yəni deformasiyaya uğrayır. Lakin elə hallar da
olur ki, cismə təsir edən qüvvələr, yaxud bu qüvvələrin yaratdığı hərəkətlər cismin ayrı-ayrı hissələrinin bir-birinə təzyiq etməsinə səbəb olmur. Bu hala çəkisizlik deyilir.


Məsələn, lift yalnız öz ağırlığı ilə sərbəst düşsəydi, onun içərisindəki adam çəkisizlikdə olardı. Bu zaman liftə ağırlıq qüvvəsi təsir edir. Lakin onun səthinə təsir edən xarici qüvvələr (məsələn, dayağın yaratdığı qüvvələr kimi) olmur. Bunu təcrübədə yoxlamaq olar.

Yayın bir ucunu sapla dayağa bərkidin. Digər ucundan yük asın. Ağırlıq qüvvəsi yayın elastiklik qüvvəsinə bərabər olanadək yay gəriləcəkdir. Sapı yandırın. Yüklə birlikdə sərbəst duşən yayın gərilməsi yox olur, yəni yük yaya təsir etmir.


Dayaqla birlikdə sərbəst düşən cisim də dayağa təsir etmir. Hər iki halda ağırlıq qüvvəsi sıfır olmur, lakin cisimlərin çəkisi sıfır olur.


Yerin peyki olan kosmik gəmilərin içində yerləşdirilmiş bütün cisimlər və kosmonavtlar da çəkisizlik şərəitində olur.


İnsan orqanizmi yerdə ağırlıq qüvvəsinin olmasına uyğunlaşmışdır. Çəkisizlik şəraitində müəyyən hərəkəti icra etmək üçün dəfələrlə az enerji sərf etmək lazım gəlir. Kosmonavt ayrı-ayrı orqanlarının ağırlığını hiss etmir. Onun üçün yuxarı, aşağı anlayışı öz əhəmiyyətini itirir. Maddələr mübadiləsi (xüsusilə su - duz mübadiləsi) pozulur və bir çox başqa dəyişikliklər əmələ gəlir. Məsələn, əzələlər zəifləyir, qan təzyiqi yüksəlir, tənəffüs çətinləşir, sinir sistemində, döş qəfəsində ağrılar əmələ gəlir və s. Bütün bunlara baxmayaraq, kosmonavtlar çəkisizlik şəraitinə tədricən uyğunlaşır və öz iş qabiliyyətini saxlaya bilirlər. Müxtəlif əməliyyatları yerinə yetirirlər.

 

Çəkisizlik şəraitində orqanizmin normal fəaliyyət göstərməsi üçün müxtəlif vasitələrdən istifadə edilir. Məsələn, süni «ağırlıq» yaradılır.