Atalar sözləri

Dəyirmanın gözündən ölü salırsan, diri çıxır

Diribaş, qocaq, bacarıqlı və hiyləgər adamlar haqqında deyilir.


Xalq arasında məşhur olan “Yetim qızın nağılı”ndan yayılmışdır. Çox ağıllı və çox gözəl olan yetim bir qıza darğanın, qazının və padşahın gözü düşür. Onlar qızdan əl çəkmirlər. Qız da onların hər üçünü eyni gündə öz evinə dəvət edir. Darğa gəlir. Az sonra qapı döyülür. Qız darğanı evindəki quyuda gizlədir. Qazı gəlir. Az sonra padşah gəlir... Qız qazını quyuya salır. Az sonra qonşu qarı gəlir. Qız şahı quyuya salır. Beləliklə, onların üçünü də öldürür. Küçədən keçən çobandan xahiş edir ki, ölünün birini aparıb basdırsın. Çoban aparıb basdırır. Qayıdanda ikinci ölünü görüb təəccüblənir. Qız deyir ki, ölü qaçıb gəlib. Çoban bunu aparıb bir qayadan atır. Qayıdanda üçüncü ölünü görür. Çoban bunu aparıb dəyirmanın novdanından təpəsi aşağı salır ki, tikə-tikə olsun. Sonra dəyirmandan su axan yerə baxanda görür ki, dəyirmançı orada çimir. Çoban elə bilir ki, yenə həmin ölüdür, dirilib. Onda çoban deyir: “Pah atonnan, adə, bu nə həyasız ölüymüş, dəyirmanın gözündən ölü saldım, diri çıxdı”