Cizgi filmləri

"Maşa və ayı" cizgi filmi

Balaca tamaşaçıların sevimli cizgi filmləri arasında müasir texniki vasitələrlə çəkilən “Maşa və Ayı”nın xüsusi yeri var. Rusiya istehsalı olan film üçölçülü qrafikanın köməyi ilə, Andrey Dovrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən yaradılıb. 

 

“Maşa və Ayı” əslində öz yaranışını bir qızcığaza borcludur. Layihənin müəllifi rusiyalı Oleq Kuzovkov Krım çimərliyində dincələrkən bir qızcığaz görür. Uşaq öz enerjisi ilə valideynlərini və orada dincələnlərə “yaxşı istirahət” verir.

 

Rəssamı ən çox heyrətləndirən isə “kiçik nüvə reaktorunun” özündən qat-qat böyüklərə komandanlıq etməsi və onları təngə gətirməsi idi. Cəmi bir neçə gündən sonra hamı ondan yorulur, bəziləri isə qızı görəndə gizlənir. Yeri gəlmişkən, belə vəziyyət cizgi filmində tez-tez xatırlanır.

 

Kuzovkov bu vaxt düşünür ki, qızcığazı hansısa cizgi filmin qəhrəmanı etmək pis olmazdı. Lakin investor ancaq 10 ildən sonra Amerikadan tapılır. Bir neçə ildə cizgi filmində çoxlu dəyişiklər olub: Maşa artıq danışır (ilk serialarda demək olar ki, dialoq yoxdu), serialarda yeni-yeni qəhrəmanlar iştirak edir. 

 

Cizgi filmin 1-ci seriyasından 52-ci seriyasına qədər Maşa xarakterini həmin vaxtı 6 yaşı olan Alina Kukuşkina səsləndirib.

 

Onun səsi  rejissorların o qədər xoşuna gəlib ki, filmə aid mahnıları da problemsiz qızcığaza həvalə ediblər. Amma bir yerdə problem yaranıb. Alinanın gülməyi heç cürə yaxşı alınmayıb və anası onu qıdıqlamağa başlayıb. Yeri gəlmişkən qeyd edək k,  Alinanın anası İrina Kukuşkina isə dişi ayını səsləndirib.

 

Cizgi filmində Şaxta babanın  “Bir, iki, üç! Küknar ağacı yan”  mahnısını  tanınmış rejissor-animator Eduard Nəzərov  səsləndirib. Onun çəkdiyi “Biri var idi, biri yox idi, bir it var idi” (“Жил-был пес”), “İndi oxuyacam” (“Щас спою!”) kimi cizgi filmləri “100 ilin ən yaxşı Rusiya cizgi filmi” adına layiq görülüb.

 

Cizgi filmin heç bir seriyasında Maşa və Ayının Rusiyanın hansı regionunda yaşadığı haqqında məlumat verilməyib. Amma diqqətli izləyicilər bunu da tapıblar. “Tərk edilmiş” seriyasında Ayıya Pinqvinenkadan məktub gəlir və məktubun üzərində indeks 625 537 yazılıb. Yazılan indeks Tyumen rayonunun Çikça kəndinin poçtuna aiddir. Serialda bu indeksin qəsdən və ya bilərəkdən verildiyi isə məlum deyil.

 

7 yanvar 2009-cu ildə ekranlara çıxan cizgi serialı “Youtube” kanalında 20 milyarddan çox baxış sayı toplayıb. Bununla da lisenziyalı malların (oyuncaq, şokolad, uşaq yeməkləri və s.) satışından 225 milyon dollar vəsait əldə edərək Avropada uşaq brendləri arasında ilk beşliyə daxil olub.

 


“Maşa və Ayı”nın bir seriyası 2-4 ay arasında çəkilib. Hər seriya isə təxminən 6-7 dəqiqədən ibarətdir. Filmin yaradıcıları hesab edirlər ki, bu, uşaqların cizgi filminə baxmağı üçün ən ideal vaxtdır.