Görkəmli şəxsiyyətlər

Məmmədəli Nasir

Məmmədəli Hacı Məmməd oğlu 1899-cu ildə İrəvan şəhərində anadan olmuşdur. Məmmədəlinin atası Hacı Məmməd kişi dini təhsil almış, ərəb, fars dillərini öyrənmişdi. Məmmədəli 1908-1914-cü illərdə İrəvan gimnaziyasında təhsil almış, fars dilini mükəmməl öyrənmişdi.


Nasir təxəllüsü ilə 1912-ci ildə mətbuata gəlmiş gənc Məmmədəli yazılarını Bakıda nəşr olunan “Sədayi-həqq”, “İqbal” qəzetlərində dərc etdirirdi. 1914-cü ildə İrəvanda Azərbaycan dilində “Lək-lək” satirik jurnalı nəşrə başlayanda o, həmin jurnalda “Şeytan”, “Dul toyuq” imzası ilə şeirlər və məqalələrlə çıxış etmişdir.


Məmmədəli Nasir 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində məsləkdaşları M.Mirfətullayev, T.Rzayevlə birgə İrəvanda “Cavanlar şurası” adlı siyasi, ictimai, ədəbi bir qəzet açmağa müvəffəq olmuşdur. Bu qəzet daşnakların çirkin əməllərini pisləyir, xalqı ayıq və səfərbər olmağa səsləyirdi. Bu səbəbdən də qəzetin nəşrinə imkan verilməmiş, 3-4 sayından sonra bağlanmışdı. Bundan sonra o, “Açıq söz” qəzetində çıxışlarını davam etdirmişdir. M.Nasir Hüseynağa Şahtaxtlının rəhbərliyi ilə İrəvanda qurulan “Müdafeyi-məzluman” təşkilatının fəallarından olmuşdur.


M.Nasir daşnakların təqibindən yaxa qurtararaq 1918-ci ildə Gəncəyə gəlmiş, 1920-ci ildə onun redaktorluğu ilə “Qırmızı Gəncə” qəzeti nəşr olunmuşdur. Onun yazdığı “Bədbəxt ailə” pyesi 1919-cu ildə Gəncədə tamaşaya qoyulmuşdur.


1917-ci ildən Kommunist Partiyasının üzvü olan Məmmədəli Nasir 1921-ci ildə Ermənistana rəhbər işə dəvət edilmiş, 1922-ci ilin yanvarınadək Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk seksiyasının müdiri vəzifəsində işləmiş, sonra isə “Rəncbər” qəzetində çalışmşdır.


1922-1923-cü illərdə Qafqaz Bürosu M.Nasiri Gürcüstanın Azqur, Borçalı və Qarayazı rayonlarında partiya komitəsinin katibi vəzifəsinə işə təyin etmişdir. 1926-cı ildə Qafqaz Bürosunun təyinatı ilə Zaqatalada Siyasi maarif şöbəsinin müdiri işləyən M.Nasiri bir il sonra Bakıda “Kommunist” qəzetinə işə dəvət edilmişdir. O, burada bir neçə il təlimatçı, Qəzalarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. M.Nasir 1931-1934-cü illərdə Dəvəçidə (“Yüksəliş”), Laçında (“Şura Kürdüstanı”), Ağdamda (“Ağdam kolxozçusu”), Bərdədə (“Qızıl Bərdə”), Əli Bayramlıda (indiki Şirvan şəhəri – “Pambıq zərbəçisi”), Qasım İsmayılovda (indiki Goranboy – “Qasım İsmayılov kolxozçusu”) rayon qəzetlərinin məsul redaktoru kimi fəaliyyət göstərmişdir.


1935-ci ildə “Yeni yol”da məktublar şöbəsinin müdiri işləmişdir. 1936-cı il iyulun 18-də repressiyaya məruz qoyularaq həbs olunmuş, 10 illik sürgün həyatına məhkum edilmişdir. 1956-cı ildə bəraət almış, həmin ildən vaxtilə işlədiyi “Kommunist” qəzetində təşkilatçı müxbir kimi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı” qəzetlərində, “Azərbaycan”, “Kirpi” kimi jurnallarda çıxışlar etmişdir.


Məmmədəli Nasir 1982-ci il aprel ayının 14-də 83 yaşında vəfat etmiş, Bakının şəhər qəbiristanlığında dəfn olunmuşdur.