Görkəmli şəxsiyyətlər

Əhməd İsgəndərov

Əhməd Əhməd oğlu İsgəndərov 23 noyabr 1927-ci ildə Bakının Mərdəkan kəndində doğulmuşdur. Tarixçi-şərqşünas, tarix elmləri doktoru, professor, Rusiya EA-nın müxbir üzvü, Rusiyanın əməkdar elm xadimi olan Əhməd İsgəndərov Ümumittifaq Xarici Dillər İnstitutunun yapon dili və MDU-nun fəlsəfə fakültəsini bitirmişdir. 1957-1958-ci illərdə Ə. İsgəndərov SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, 1958-1960-cı illərdə "Problemı mira i sosializma" jurnalında məsləhətçi redaktor, şöbə müdirinin müavini, 1960-63-cü illərdə SSRİ EA-nın Asiya Xalqları İnstitutunda böyük elmi işçi, 1963-65-ci illərdə "Problemı mira i sosializma" jurnalında şöbə müdiri, 1965-1969-cu illərdə Sov. İKP MK informasiya şöbəsində məsləhətçi, 1969-70-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində məsləhətçi-ekspert, 1970-1972-ci illərdə SSRİ EA-nın Beynəlxalq Fəhlə Hərəkatı İnstitutunun direktor müavini, 1972-1987-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, 1987-ci ildən "Voprosı istorii" jurnalının baş redaktoru olmuşdur. Ə. İsgəndərov 100-dən artıq nəşr olunmuş elmi əsərin müəllifidir. Onun işləri dünyanın bir sıra xarici dillərinə tərcümə olunmuşdur.

 

Əhməd Əhməd oğlu İsgəndərovun əsas elmi işləri: "XVI yüzilliyin feodal Yapon şəhəri", "Afrika, siyasət, iqtisadiyyat, ideologiya", "Toetomi Xideyosi", "Tarix və cəmiyyət", "Portuqaliyanın Yaponiyaya girməsi tarixindən", "Rusiya monarxiyası: islahatlar və inqilab" əsərləridir. 13 oktyabr 2017-ci ildə Moskvada vəfat etmişdir.