Odlar Yurdu

Culfa karvansarası

Memarlıq abidəsi olan Culfa karvansarası Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilindədir.

 

Culfa (Gülüstan) karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmiryolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m olan Culfa karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır.

 

Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çaydaşıdan tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarasının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Bu zal haqqında qəti fikir söyləmək çətindir. Lakin belə plan quruluşuna malik köhnə məscidlər də məlumdur.