Mədəni irsimiz

Buynuz xalçası

“Buynuz” adı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçatoxuma məntəqələrində istehsal olunur.

 

Qarabağlı qocaman xalça sənətkarları “Buynuz” xalçasını əvvəllər olduğu kimi, “Horadiz”adlandırırlar. Orta Asiyada və Yaxın Şərqdə, həmçinin Azərbaycanda qoyun, öküz, keçi kimi buynuzlu heyvanları müqəddəs hesab edirdilər. Əvvəllər əkinçiliklə, məhsulla, sonra totemizmlə, daha sonra isə astronomik anlayışlarla “Buynuz” müxtəlif simvol və təsəvvürü ifadə edirdi. Güc və cəsarət rəmzi olan öküz eyni zamana, "səma qüvvələri" ilə simvollaşdıraraq, su və əkinçilik allahını təcəssüm etdirir. Xalçanını orta sahəsinin kompozisiyası tamamilə üslublaşdırılmış buynuz təsvirlərindən ibarətdir.

 

“Buynuz” xalçalarının orta sahəsini təşkil edən, oxşar formalı elementlər, bəzəklər incəsənət ənənəsi və ümumi qəbul edilmiş qaydalara görə, bir-birinin ardınja düzülərək üfiqi cərgə yaradır. Bu “Buynuz”ların assimmetrik quruluşu bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən isə bu xalçaları istənilən ölçüdə toxumağa imkan verir. Bu “Buynuz”ların ətrafında toplaşan, xalçanın əsas elementini təşkil edən müxtəlif formalı detallar bu kompozisiyada doldurucu element rolunu oynayır.