Odlar Yurdu

Zəngəzurun qədim dövr abidələri

Nüvədi kitabələri - Zəngəzurun qədim insan məskəni olmasını, bu insanların mənşəcə kimliyini təsdiq edən qiymətli maddi abidələrdən biri Nüvədi kəndinin Qarqadaşı dağında tapılan daş kitabələridir. Bu kitabələri aşkar edən, onları işığa çıxardan, vətəni tərk etmək məcburiyyətində qalanda həmin daş kitabəni də kürəyində Bakıya gətirən, elmi diskusiyaların mövzusuna çevirən qeyrətli vətən oğlu, cəfakeş ziyalı və qələm sahibi Həmzə Vəli yazır:

 

"Kitabələrin ən böyüyünün uzunluğu 1 m, eni 70 sm, kiçiyinin uzunluğu 40 sm, eni 32 sm-ə çatır.  Kitabələrin yazılarından təyin etmək olur ki, bəzilərindəki yazılar sağdan sola, bəzilərində yuxarıdan aşağıya, bəzilərində yuxarıdan sağa və təkrarən sola yazılmışdır.

 

Nüvədi «Qarqadaşı abidəsi» Azərbaycan xalqının ən qədim əcdadlarından olan, Cənubi Zaqafqaz və Orta Asiya ərazilərində məskunlaşmış qarqarlara məxsusdur. Kitabənin dili türk - şumer mənşəlidir. Yazılarda Şumer sözü də işlənmişdir. Bu da kitabənin qədimliyinə dəlalət edir".

 

Qoşundaş abidəsi - Zəngəzurun qədim tarixindən və mədəniyyətindən xəbər verən dəyərli abidələrdən biri də Qoşundaş abidə-məzar kompleksidir. Qoşundaş  abidəsi eramızdan öncə ikinci  minilliyə aid olub Sisyan rayonunda, köhnə Qarakilsə kəndi  ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir. Qoşundaş abidəsi çoxlu sayda yerə bitili və dik dayanmış nəhəng daşlardan ibarətdir. Daşlar dairəvi formada sanki iki min il öncə nəhəng insanların fövqəlinsan qüvvəsi ilə yerə "sancılmışdır".

 

Daşların hündürlüyü təxminən 150-220 sm, eni 60-80 sm-dir. Bəzi daşların üzərində bir, ya bir neçə dəlik açılmışdır. Çox güman ki, bu dəliklər həddindən artıq ağır olan daşların qoşqu qüvvəsi ilə dartılması üçün nəzərdə tutulmuşdur.

 

Daş dairənin içərisində alçaq kurqan vardır. Bu ərazidə bir neçə yerdə qazma damların qalıqları indi də qalmaqdadır.  Damların divarları iri ağır qayalarla kifayət qədər səliqəli hörülmüş, üstü nəhəng sal daşlarla örtülmüşdür.