Nağıllar, hekayələr

Bizim "Obrazovannı"lar

Mənim bir rəfiqim var, özü də müsəlmandır. Amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm: “Haradan gəlirsən?” O mənə belə cavab verir: “Ya xadil na poçtu”. Deyirəm: “Dünən niyə bizə gəlmədin?” Cavab verir: “K nam prişli qosti”. Deyirəm: “Yaxşı, qonaqlar gedəndən sonra gəleydin?” Cavab verir: “Net, uje bılo pozdno”. Deyirəm: Söz verirsən ki, sabah gələsən bir az söhbət edək? Cavab verir: “Pastarayus, no slova ne dayu”. Deyirəm: xudahafiz. Cavab verir: “Do svidaniya”.

 

Deyirlər ki, haman mənim rəfiqim rus işkolunda oxuyan vaxt bir gün anasına deyib: “Ana! Pojalusta mənə bir şey “isvarit” elə (yəni bişir)”. Anası cavab verib: “Bala, nə dedin?” Rəfiqim cavab verib: “Ox, ox, siz heç bir zad qanmırsınız, mən deyirəm bir zad bişir”.

 

- Bala, nə bişirim?

 

- Çort evo iznaet. Yadımdan çıxıb. Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana. Bir cür adı var.

 

- Bala, küftə deyirsən?

 

- Hə... hə... qoftə, qoftə.