Görkəmli şəxsiyyətlər

Hollandiyalı rəssam - Yan Vermeer

Gündəlik həyatı təsvir edən tabloları ilə tanınan hollandiyalı barokko rəssamı Delftli Yan Vermeer (1632-1675)-Rembrandt və Frans Hals ilə yanaşı Hollandiya incəsənətinin qızıl dövrünün ən böyük rəssamlarından biridir.

 

Daha çox “məişət janrı” və “janr rəssamlığına” üstünlük verən rəssam Delft məktəbinin nümayəndələrindən biri olaraq, Delft Sfinksinin adını fəxrlə daşıyırdı. Şübhəsiz ki, 1652-1662-ci illərdə Delftdə yaşamış hollandiyalı janr rəssamı Piter de Hukun sənəti Vermeerin yaradıcılığına güclü təsir göstərmişdir. Bu rəssamın üslubu daha sonra Vermeerin rəsmlərində daha da çox öz əksini tapmışdır.

 

Vermeer deyəndə ilk ağla-diqqətlə icra edilmiş interyerlərdə bir qrup insanın portretləri və ya təsvirləri, gündəlik şəxsi və ictimai həyata həsr olunmuş rəsm əsərləri gəlir. Vermeer əsərlərində interyer və şəhər mənzərələrinin detallarını çox diqqətliklə icra edirdi. Rəssamın məmləkətinin mənzərəsini qələmə aldığı üç rəsm əsərindən yalnız ikisi günümüzə qədər gəlib çatmışdır-bunlar “Delft mənzərəsi” (Gezicht op Delft, 1661) və “Kiçik küçə” (Het straatje, 1657‒1658).

 

1650-ci illərin ikinci yarısından etibarən Vermeer gümüşü işıqla dolu şəhər evinin interyerində bir və ya bir neçə fiqurdan ibarət kiçik rəsmlər çəkib (“Məktublu qız”, İncəsənət Qalereyası, Drezden; “Süd qabı olan xidmətçi qız” və ya “Südçü”, Dövlət Muzeyi, Amsterdam). Rəssam, bu sənət əsərlərində süjetə əsaslanan hərəkətlərə deyil daha çox səhnənin, personajların əhval-ruhiyyəsinə diqqət yetirib. Bu janrda çəkilmiş ən məşhur rəsmlərin arasına: “Xanım və iki süvari” (Hertsog Anton Ulrich muzeyi, Braunşveyq), “Zabit və şən qız” (Frik kolleksiyası, Nyu-York), “Boyunbağı taxan qız” (İncəsənət Qalereyası, Berlin-Dahlem), “Mavi geyimli xanım məktub oxuyur” (Rijksmuseum, Amsterdam), “Su küpü olan qız” (Metropolitan İncəsənət Muzeyi, Nyu-York) daxildir.  

 

“Mirvari sırğalı qız”  Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Bəzi təxminlərə görə, "Mirvari sırğalı qız" rəsm əsəri rəssamın qızının portretidir. Həmçinin “Gənc qızın portreti” adlı əsər də Vermeerin qızının başqa obrazı hesab olunur. Maraqlıdır ki, hər iki portret rəssam tərəfindən kamera-obskuradan (lat. "qaranlıq otaq" deməkdir) istifadə edilərək çəkilmişdir.

 

Rəssamın ölüm səbəbi ilə bağlı hələ də mübahisələr var: dəqiq diaqnoz və ya ölüm səbəbi bilinmir. Ehtimallara görə, rəssam uzun sürən şiddətli əsəb tükənməsi səbəbindən 1675-ci il dekabrın 15-də vəfat etmişdir. Sənətçinin cəmi 43 yaşı var idi. Vermeer vətəni Delftdəki ailə qəbirsanlığında basdırılmışdır.

 

Yan Vermeerin ölümündən 20 il sonra 1696-cı ildə rəssamın 21 əsərinin sərgiləndiyi hərrac keçirilib. Əsərlərin bəziləri zamanla itirildi və yalnız indi elm adamları və sənət tarixçiləri Vermeerin 16 tanınmış rəsm əsəri haqqında danışır. Daha 5 əsər hələ də mübahisə mövzusudur və rəsmi olaraq ustadın əsərləri kimi tanınmır.

 

Özündən sonra Yan Vermeer zəmanəmizdə həm sadə insanlara, həm də sənətin əsl bilicilərinə möhtəşəm bir miras qoydu. Vermeerin əsərləri digər istedadlı insanlara da ilham verir. Onun rəsm əsərlərinə həsr olunmuş bir sıra sənədli və bədii film lentə alınıb: bəstəkar Lui Andrissenin “Vermeerə məktublar” operası, həmçinin rejissor Piter Vebberin sonradan lentə aldığı “Mirvari sırğalı qız” romanı əsasında film çəkilmişdir. Jan Vermeerin həyatından bəhs edən bu ekran əsərində məşhur Hollivud ulduzları Kolin Fört, Skarlett Yohansson, Tom Vilkinson və Killian Merfi rol almışdır.