Dastanlar

Dastani-Əhməd Hərami

Azərbaycan ədəbiyyatının ən gözəl, ən dəyərli nümunələrindəndir.

 

"Dastani-Əhməd Hərami" poeması Azərbaycan dilində yazılmış mükəmməl sənət əsəri, məsnəvi kimi çox qiymətlidir. Araşdırmalar göstərir ki, Azərbaycan dilində dastan məsnəvi yaratmaq ənənəsi çox qədimdir.

 

Poemanın müəllifi öz ruhuna, zövqünə görə xalqa yaxın, onun adət-ənənələrini dərindən bilən bir sənətkar olmuşdur. Əsər mündəricəsinə, məzmununa, dil üslubuna görə nağıl-dastan ənənələri ilə səsləşir. Şair nağıl üslubuna sadiq qalaraq birbaşa mətləbə keçirmiş, qəhrəmanlarının əsli-nəcabəti barədə ətraflı məlumat vermişdir. Əsərdə şərə, zülmə, ədalətsizliyə qarşı dərin nifrət vardır. Poema ədəbi dil tariximizi öyrənməkdə olduqca dəyərlidir.

 

Poemada Əhməd Hərami şər insandır. O, həramiləri başına yığıb yol kəsməklə, qarətçiliklə məşğul olmuşdur. Şair göstərir ki, zülmkar, kinli, məkrli insanların könlündə mərhəmət, şəfqət hisi heç vaxt ola bilməz. Əhməd Hərami belələrindəndir. O, son dərəcə hiyləgər, qəddardır. Müəllifin əsərindəki iki surət - Əhməd Hərami və Güləndam kamil bədii surətlərdir.

 

Şair Güləndamın əxlaqi-mənəvi hisslərini, onun cəsurluğunu, təmiz, saf duyğularını ustalıqla tərənnüm etmişdir. Poemada Əhməd Hərami nə qədər qorxunc, qəzəbli, dəvə kimi kinlidirsə, Güləndam onun əksinə, yumşaq təbiətli, nəcib və səmimidir. O, son anda bütün cəsarətini toplayaraq Əhməd Həramini öldürür. Saray bu igid qızı alqışlayır. Əsərdə nəcib, ləyaqətli insanlara qarşı yüksək məhəbbət, qayğı duyulur.

 

"Dastani-Əhməd Hərami" poeması anadilli şeirimizin sənətkarlıq və həm də bədii-poetik gözəlliyi baxımından son dərəcə dəyərli bir əsərdir. Poema 1632 misradan ibarətdir. Əsərdə bədii dilin mükəmməlliyi, ifadə tərzi, təbiilik çox zəngindir. Poemanın dil-üslub xüsusiyyətləri, ümumi ruhu, dastan ənənələri ilə əlaqəsi göstərir ki, əsər "Kitabi-Dədə Qorqud" eposu ilə bir vaxtda yarana bilər. Bu dastana maraq alimlərin, mütəxəssislərin daim diqqət mərkəzində olub.

 

Görkəmli türk alimi Tələt Onay "Dastani-Əhməd Hərami"nin əlyazmasını 1928-ci ildə aşkara çıxarmış və ilk dəfə olaraq barəsində ətraflı məlumat vermişdir. O, bu əsəri 1946-cı ildə ön söz, lüğət və şərhlərlə birlikdə yenidən nəşr etdirmişdir. Tələt Onay kitaba yazdığı ön sözdə bu əsəri Azərbaycan ədəbiyyatının nümunəsi kimi qiymətləndirmişdir. Poema 1978-ci ildə Bakıda ədəbiyyatşünas Ə.Səfərli tərəfindən geniş şərhlə çapdan buraxılmışdır. Əsər 1979-cu ildə İstanbulda Halis Akaydın tərəfindən yenidən nəşr edilmişdir.

 

Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə "Dastani-Əhməd Hərami" kütləvi tirajla çap edilmişdir.