Bu maraqlıdır!

İntibah dövrünün vətəni Florensiya

İtaliyanın və Avropanın ən mühüm ticarət mərkəzlərindən biri olan Florensiya köklü tarixə, heyranedici memarlıq nümunələrinə və ən əsası möhtəşəm bədii kolleksiyaya malik şəhərdir. Florensiya dünyaya görkəmli rəssamlar, sənət adamları bəxş etdiyindən intibah dövrünün vətəni sayılır.

 

Toskana regionunun paytaxtı olan Florensiya Şimali Apennin dağlarının ətəklərində, Arno çayının ayırdığı İtaliyanın 2 əyaləti-Toskana və Emiliya ilə sərhəddə yerləşir. Arno çayının sahilində hərbi koloniya yaradan romalılar bu yerlərə Florensiya-“gül şəhəri” adı veriblər.

 

XIII əsrə qədər Florensiyada hakimiyyətdə olan Mediçi sülaləsi hər vəchlə burada incəsənətin inkişafına və şəhərin dünyanın mədəniyyət mərkzələrindən birinə çevrilməsinə çalışıb. Florensiya “intibah dövrünün atalarından” biri olan Donatello, eləcə də Mikelancelo, Leonardo da Vinçi, Sandro Botiçelli və başqa təsviri incəsənət nümayəndələrini ruhlandıran şəhər olub. Onların əsərləri bu gün də Florensiya qalereyalarını və muzeylərinin ziyarətçilərini heyran edir.

 

İtaliya intibahının “doğum yeri” sayılan Florensiya mədəniyyəti və arxitekturası ilə dünyada məşhurlaşan turizm şəhəridir. Şəhərdə mühüm sənət qalereyaları və muzeylər var. Leonardo da Vinçi və Mikelancelo bu tarixi şəhərdə yetişmiş dünyanın məşhur sənətçilərdir. Məşhur yazıçı və şair Dante də bu şəhərdə yaşayıb və ilham alıb.

 

Mülayim okean iqliminə malik Florensiyada yayı isti, yağışlı, qış isə sərin və yağışlı keçir. Arno çayının ətrafında qurulan şəhərin əhalisi ətrafdakı məskunlaşma sahələri ilə birlikdə təxminən bir milyona yaxındır.

 

Tarixi yerlər, qalereyalar və muzeylər

 

Signoria Meydanı (“Piazza della Signoria”) – turistlərin ən çox ziyarət etdiyi bu məkan İntibah dövrünün başlanğıcına səbəb olan bir çox elementi ehtiva etdiyi üçün açıq hava muzeyini xatırladır. Bir çox dünya şöhrətli heykəltəraşların əsərlərinin olduğu bu meydandakı heykəllər arasında ən məşhuru Mikelancelonun “David” əsəridir. Heykəlin orijinalı 400 il burada qalsa da, sonradan Florensiyadakı İncəsənət Akademiyasının Qalereyasına aparılıb. Burada, həmçinin XVI əsrdə inşa edilən möhtəşəm Neptun Fəvvarəsi də yerləşir. Meydandakı “Loggia della Signoria” isə XIV əsrdə tikilib və dövrün ən güclü ailəsi olan Mediçilər meydandakı mərasimləri izlədiyi yerdir.

 

Florensiya Katedralı (“Duomo”)-şəhərin ən məşhur və ən böyük dini quruluşu olan bu katedral 1296-1436-cı illərdə inşa edilib.

 

“Vecchio” körpüsü - 1345-ci ildə Mediçi ailəsinin tikdirdiyi körpü turistlərin şəhərin mənzərəsini seyr etdiyi əsas yerdir. Bura İkinci Dünya müharibəsində Florensiyada dağıdılmayan yeganə körpüdür və Arno çayı üzərində inşa edilənlərin isə ən qədimidir. 1900-cü ildə körpünün üzərində Çellininin büstü ucaldılıb. Hazırda körpünün üzərində zərgərlik məmulatları satan böyük və dəbdəbəli mağazalar yerləşir.

 

Uffizi Qalereyası-bu bina memar Giorgio Vasari tərəfindən 1560-1580-ci illərdə inşa olunub, hazırda zəngin kolleksiyası ilə sənətsevərləri cəlb edir.

 

Akademiya Qalereyası (“Galleria dell' Accademia”) - Signoria Meydanında nümayiş etdirilən bəzi əsərlərin orijinallarının yerləşdiyi bu qalereya 1784-cü ildə şəhərdəki sənət məktəblərini birləşdirmək və həmin məktəblərdə təhsil alan tələbələrə daha rahat imkan yaratmaq üçün tikilib. Qalereyada sərgilənən əsərlərin əksəriyyəti Mikelanceloya məxsusdur.