Görkəmli şəxsiyyətlər

İsmayıl Dağıstanlı

Bənzərsiz yaradıcılığı ilə özündən sonrakı aktyor nəsillərinə örnək olan, intəhasız zəhməti ilə sənətin uca zirvələrinə yüksələn sənətkarlarımızdan biri də Xalq artisti İsmayıl Dağıstanlı olub. Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli sənətkar İsmayıl Dağıstanlı sənətin, səhnənin ona ehtiyacı olduğu, ən gərəkli, lazımlı vaxtlarda səhnəyə çıxıb. Məsləyinə sarılaraq müxtəlif xarakterli rolları maraqlı, koloritli təqdim etməklə çoxsaylı tamaşaçı auditoriyasının diqqətini çəkib, sevgisini qazanıb.

 

1907-ci il yanvarın 6-da Qax rayonunun Zərnə kəndində dünyaya gələn İsmayıl Dağıstanlı teatr fəaliyyətinə 1925-ci ildə Şəki mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. 1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Həmçinin 1927-ci ildən təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-1937) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).

 

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda özünəməxsus tərzdə və orijinal üslubda maraqlı obrazlar qalereyası yaradıb.

 

Müasirləri, görkəmli sənət adamları onun yaradıcılığını, aktyorluq qüdrətini yüksək qiymətləndiriblər. Tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanov İ.Dağıstanlı haqqında söz düşəndə deyərmiş: “İsmayıl Dağıstanlı Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlib”.

 

U.Şekspirin “Otello”, A.N.Ostrovskinin “Tufan”, A.P.Çexovun “Vanya dayı”, C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.Vurğunun “Vaqif”, “Xanlar” və s. tamaşalarda ifa etdiyi baş rollar İ.Dağıstanlının geniş diapazonlu aktyor olduğunu göstərib.

 

Akademik Dram Teatrının aparıcı aktyorlarından olan sənətkar geniş potensiala və sənət duyumuna görə kinorejissorların diqqətini çəkib, müxtəlif janrlı 10-a yaxın filmdə yaddaqalımlı ekran obrazları yaradıb.

 

Kinoda görkəmli kinorejissorlardan Hüseyn Seyidzadə, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov və digər sənətkarlarla işləyən aktyor yaradıcılıq qismətinə düşən rollarını dolğun və inandırıcı oynamağa müvəffəq olub.

 

Kinoda debüt (Səbuhi) rolunu “Səbuhi” filmində ifa edən İsmayıl Dağıstanlı Azərbaycan maarifçisi, dramaturqu, filosofu Mirzə Fətəli Axundzadənin prototipini özünəməxsus ifa və jestlərlə yaradıb. Dövrünün qabaqcıl ideyaları uğrunda mübariz kimi çıxış edən mütəfəkkirin həyat mövqeyini, düşüncələrini inandırıcı göstərməyə nail olub.

 

Filmdə Mirzə Fətəli Axundzadə dövrünün reallıqları fonunda xalqını kədərdən, bədbinliklərdən, əsarət içində yaşamaqdan qurtarmağa çalışan, bu yolda bilik və bacarığını əsrigəməyən mübariz ədibin nigarançılığını, ictimai mövqeyini, ədəbi və ictimai fəaliyyətini izləyirik. Obrazın təfsirində yaxın keçmişin tarixi gerçəkliklərini görür, məzlumların kədərli həyat hekayələrini müşahidə edirik.

 

İstedadlı aktyorun “Koroğlu” tarixi-bioqrafik filmində oynadığı vəzir surəti də orijinal üslub tərzinə görə maraqlı və baxımlıdır. Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən bəhs edən filmdə vəzir obrazının təfsirində dövrünün insanlarını əsarət altında saxlayan zülmkar vəzirin insanlara yaşatdığı faciələrin şahidinə çevrilir, feodal-cəmiyyət münasibətlərini, haqsızlıqların sonsuzluğunu görürük.

 

Ümumiyyətlə hər bir yaradıcılığı ilə peşə bilicisi kimi tanınan İsmayıl Dağıstanlının fərdi yaradıcılığı orijinal zəmin üzərində yaranmış, özünəməxsus tərz və üslubda inkişaf etmişdir. Aktyorun digər ekran rolları, o cümlədən “Böyük dayaq” sosial dramındakı Kərəmoğlu, “Kölgələr sürünür” dram-macəra filmindəki Zahidov, “Qara daşlar” dram-macəra filmindəki Aslanov və digər rolları ekran əsərlərinin ideya-məzmununun tamamlanmasına, filmlərin maraqla izlənməsinə təkan verib.

 

Ömrünün 50 ildən çoxunu sənətə həsr edən, sənəti daim uca tutan aktyor bir neçə müddət pedaqoji fəaliyyət göstərib, Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Həmçinin o, bir neçə aktyor və teatr haqqında kitabların müəllifidir.

 

Görkəmli sənətkar sənətdə qazandığı uğurlarına görə 1940-cı ildə Respublikanın Əməkdar artisti, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Xalq yazıçısı Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesi əsasında hazırlanan tamaşadakı Kirov roluna görə Stalin mükafatı (1948), Xalq yazıçısı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy roluna görə isə Dövlət mükafatı ilə təltif olunub (1972).

 

İsmayıl Dağıstanlı 1980-ci il aprel 1-də vəfat edib.