Bu maraqlıdır!

Qeyri-adi gözəl məkan - Kamçatka

Rusiyanın ən mənzərəli bölgəsi olan Kamçatka öz qeyri-adi gözəlliyi ilə insanı heyran qoyur. Ölkənin şərqində yerləşən yarımada Komandor adaları və Karaqinski adası, həmçinin ən böyük şəhəri olan Petropavlovsk-Kamçatski ilə birlikdə Kamçatka diyarını təşkil edir.

 

Geniş vulkanik yarımada olan Kamçatka fövqəladə gözəlliyə, axan çaylara, isti bulaqlara və qarlı zirvələrə malikdir.

 

Bölgənin ən uzun çayı Kamçatka çayıdır, cənubdan şimala təxminən 700 kilometr uzanır və yarımadanın böyük vulkanik silsilələrlə əhatə olunan mərkəzi vadisini yaradır. Ümumilikdə, burada 300-dən çox vulkan var. Bunların 36-sı aktiv və potensial aktiv vulkanlardır. Kamçatkanın vulkanları UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

 

Yarımadanın iqlimi sərt, qışı uzun, soyuq və qarlı, yayı isə rütubətli, sərindir. Ərazinin çox hissəsini tundra və Kamçatka qızılağacından ibarət meşələr təşkil edir. Xüsusən də dağ silsilələrini ayıran Kamçatka çayının vadisi ağcaqayın və qaraçay meşələrindən, daha rütubətli ərazilər isə qovaq və söyüd ağaclarından ibarətdir.

 

Qeyd edək ki, bölgənin yeganə mühüm iqtisadi fəaliyyət növü balıqçılıqdır. Kənd təsərrüfatı isə məhduddur, bəzi yerlərdə mal-qara və şimal maralı saxlanılır.