Görkəmli şəxsiyyətlər

Feliks Mendelson

Romantizm dövrünün tanınmış simalarından biri, XIX-cu əsrin “Motsart”ı hesab olunan Mendelson Feliks Bartoldi musiqi tarixinə bəstəkar, dirijor, pianoçu, musiqi maarifçisi kimi daxil olmuşdur. Onun məşhur “Mendelson marşı” 150 ilə yaxın bir müddət ərzində demək olar ki, dünyanın bütün ölkələrində nikaha girənlərin “xeyir-duaçısıdır”. Məhz onun təşəbbüsü ilə Almaniyada Konservatoriya açılmışdır. 

 

Felix Mendelson varlı və ziyalı bir yəhudi ailəsindən anadan olub. Musiqiçinin tam adı Yakob Lyudviq Feliks Mendelson-Bartoldidir. Oğlan ikiqat soyadı lüteran olmağa qərar verən atasından alıb.

 

Feliks 3 fevral 1809-cu ildə Hamburqda anadan olub. Mendelson ailəsinin 5 övladından biri olub. Uşaq keyfiyyətli təhsil almaq və istedadının reallaşması üçün hər cür şəraitin olduğu əlverişli bir mühitdə böyüyüb. Filosof Fridrix Hegel və musiqiçi Karl Zelter tez-tez Mendelson ailəsinin evini ziyarət edərdilər. Feliksin musiqiyə olan meylliliyi erkən yaşlarında ortaya çıxıb və anası oğlunun qabiliyyətlərini inkişaf etdirməyə başlayıb. Feliksin bacısı Fanni də bənzər bir istedada sahib idi. Uşaqlar birlikdə musiqi notası oxuyub, daha sonra musiqi müəllimi Lüdviq Bergerdən dərs alıblar. Uşaqlara Zelter tərəfindən musiqi nəzəriyyəsi öyrədilib. Feliks skripka və viola çalmağı öyrənib və 9 yaşında pianoçu kimi ilk çıxışını edib. Onun vokal qabiliyyətləri də diqqətdən kənarda qalmayıb.

 

İohann Sebastiyan Baxın bəstələrindən ilham alan Mendelson ilk əsərinə 12 yaşında imza atıb. 1820-ci ildə İohann Volfqanq Göte ilə görüşməyə nail olan bəstəkarın növbəti işlərində alman şairlə yanaşı ingilis ədib Uilyam Şekspirin də əsərlərinin təsiri hiss olunur. Gələcək bəstəkarın ilk əsərləri bu dövrdə yaranıb. Bunlar skripka və fortepiano üçün sonata, orqan üçün melodiyalar idi. Henrix Heyne Mendelsonun istedadına ilk diqqət yetirənlərdən biri olub və onun qabiliyyətlərinə açıq şəkildə heyran qalıb. Feliks konsert verməyə həm dirijor, həm də başqalarının və müəllif bəstələrinin ifaçısı kimi başlayıb. 

 

Valideynləri uşaqların gələcəyi üçün ümkün olan hər şeyi ediblər, buna görə Feliks Mendelson tez-tez səyahət edib. 16 yaşlı Feliks, ilk dəfə Fransaya işgüzar səfərə gedən atası ilə gedib. Musiqiçinin uğurları Paris Konservatoriyasında qiymətləndirilib. Özü yerli musiqi ənənələrindən razı qalmasa da, çox faydalı tanışlıqlar əldə edib. Evə qayıdan Mendelson, Don Kixotun eyhamı olaraq yaradılmış "Kamaçonun Toyu" adlı opera üzərində işləməyə davam edib və 1825-ci ildə işi tamamlayıb.

 

1862-ci ildə Feliksi dünyaya məşhurlaşdıran kompozisiya işıq üzü gördü. Uilyam Şekspirin "Yay Gecəsində Yuxu" komediyasının uvertürası inanılmaz romantikliyi əks etdirən 12 dəqiqəlik fasiləsiz musiqidən ibarət idi. Məşhur "Nigah  Marşı" parçanın bir hissəsi idi. Kompozisiyanın yaradılması zamanı Mendelson 17 yaşında idi. 

 

Tur ərzində gəzdiyi ölkələrdə Berlioz və Şopen kimi dahilərlə görüşlər keçirən Feliks konsertlər bitdikdən sonra Berlinə qayıdarkən müəlliminin ölüm xəbəri ilə sarsılır. Onun yerini doldurmaq istəyən bəstəkarın qarşısını gənc olması (24 yaş) və əsas da Musəvi keçmişi kəsir. Anti-semitist davranışlara məruz qaldığı bir vaxt 1841-ci ildə yaratdığı Leypsiq musiqi məktəbi 5 il sonra qitənin ən nüfuzlu konservatoriyası kimi tanınır.

 

Bəstəkar şəxsi həyatında xoşbəxt idi, çünki həyat yoldaşı Sesil Janreno evinə qayğı, rahatlıq və harmoniya gətirdi. O, ərini yeni yaradıcılığa ilham verdi. Onların bu nigahdan beş uşağı dünyaya gəldi. Ailəsinə olan hisslər musiqiçini yeni əsərlər yazmağa sövq edirdi. Feliks 1846-cı ildə səhhətində problem yaşadı. O, dünya turlarını dayandırdı və "Məsih" triptixinin son hissəsini yazmağa başladı. Miqren və davamlı əhval dəyişikliyindən əziyyət çəkən musiqiçi tez-tez işində fasilələr verdi. 

 

1847-ci ildə ölən bacısı Fanninin şərəfinə Rekviyem bəstələyən Mendelson həmin il beyin sarsıntısı keçirir və yarı-iflic hala düşür.

 

38 yaşında həyata gözlərini yuman Feliks Mendelson Bartoldi (1809-1847) musiqi dünyası üçün əvəzsiz olacaq əsərlər qoyub: 5 simfoniya (əsasən şotland və italyan), konsertlər (əsas olanı violençel), üvertüralar (əsas eyniadlı arxipelaqdan olan “Herbidlər”), simli kvartetlər və piano bəstələri, 2 məşhur oratoriya və s.

 

Maraqlı faktlar: 

Mendelsonun 17 yaşı olanda Şeksprin komediyalarından biri üçün eyni adlı konsert uvertürası yazır. 15 il sonra isə Prussiya kralı Fridrix IV Vilhelmin sifarişi ilə ona daha 10 hissə əlavə edərək suitaya çevirir. Məhz ilk dəfə “Yay gecəsində yuxu” suitasında tamaşaçılar “Mendelsonun nikah marşı”nı eşidirlər. Bu hadisə 14 oktyabr 1843-cü ildə Potsdam sarayında baş verir. 

 

Mendelsonun marşının sədaları altında ilk dəfə ingilis əyalət adamları evləniblər.


Alman bəstəkarının marşı Doroti Karyu və Tom Denielin nikah mərasimində səsləndirilib. Bu hadisə 2 iyun 1847-ci ildə 20 mindən az əhalisi olan Tiverton şəhərciyində Müqəddəs Pyotr kilsəsində baş verib.   


Marş vəliəhd və prinsesin toylarından sonra məşhurlaşdı.


25 yanvar 1858-ci ildə Londonda Sent-Ceyms sarayında təmtəraqlı nikah mərasimi baş tutur. Viktoriya Adelaida Mariya Luiza (və ya sadəcə Viktoriya) 26 yaşlı Prussiya vəliəhdi III Fridrixə ərə gedir. Yeni evlilər kilsədən çıxanda Mendelson musiqisi səsləndirilir, bundan sonra marş geniş şöhrət qazanır.