Görkəmli şəxsiyyətlər

Ullusunu

Azərbaycanın cənubunda mövcud olmuş Manna dövlətinin hökmdarı. E. ə. 719-cu ildə İranzu öldükdən sonra Mannada hakimiyyət uğrunda oğlanları arasında qısamüddətli mübarizə baş verdi. Mübarizədə böyük ogul Aza qalib gəldi. O atasının mərkəzləşdirmə siyasətini davam etdirib Assuriya ilə dostluğu daha da genişləndirməyə çalışırdı. İranzunun kiçik oglu Ullusunu isə Urartu hökmdarı ilə əlaqə yaradıb atasının və qardaşının düşmən saydığı qüvvələrlə birləşdi və hakimiyyət uğrunda mübarizəni davam etdirdi. Azanın hakimiyyəti az çəkdi və Urartunun qızışdırdığı qüvvələr ona qarşı çıxdı. Məğlub olub Uaiş dağma çəkilən Aza mübarizəni davam etdirməyə çalışsa da sui-qəsd nəticəsində öldürüldü. E. ə. 716-cı ildə hakimiyyət onun qardaşı Ullusununun əlinə keçdi. O dərhal Assuriya ilə ənənəvi müttəfiqlikdən üz döndərdi və Urartudan kömək istədi. Mannada daxili çətinliklərdən istifadə edən I Rusa qəfil hücuma keçdi və Ullusunun 22 qalasını ələ keçirdi. Qardaşının aqibətindən qorxuya düşən Ullusunu işğalla barışmalı oldu. Lakin müttəfiq dövlətin itirilməsi ilə Asuriya barışmaq istəmirdi.

 

Andiyalı Telusinanın vilayətinə qədərki Tuaya ölkəsinin 8 qalasını mən fəth etdim, 4200 sakinini onların sürüləri ilə birlikdə mən əsir etdim. Zikertulu Mitatti mənim silahımdan bərk qorxdu və öz ölkəsinin adamları ilə birlikdə meşəlik dağlara qaçdı, belə ki, mən onları tapa bilmədim. Onun hökmdar şəhəri Pardanı mən alovlarda yandırdım, onun ətrafındakı 23 möhkəmləndirilmiş şəhərlərini mən fəth etdim və onların qoşunlarını mən əsir etdim. Mannalılar ölkəsinin Mitatiyyə bel bağlayan Şunandahul və Zurzikka şəhərlərini mən fəth etdim və onların qoşunlarını əsir etdim. Mən uşdişli Baqdattinin dərisini soydum, Dayukkinunu ailəsi ilə birlikdə mən köçürdüm və Amatti vilayətində yerləşdirdim. Əlçatmaz dağlar arasındakı mannalı Ullusunu mənim etdiyim işlər haqqında eşidəndə quş kimi uçub gəldi və mənim ayaqlarımı qucaqladı. Onun saysız-hesabsız günahlarını mən bağışladım, onun cinayətlərini unutdum, ona mərhəmət etdim və onu öz hökmdar taxtına əyləşdirdim.

 

Ursa və Mittatdidən aldığım 22 qala və 2 möhkəmləndirilmiş şəhəri ona verdim, onun əzilmiş ölkəsini bərpa etdim. Mən öz hökmdar təsvirimi hazırlatdım, onun üstündə mənim hakimim Aşşurun qələbələri haqqında yazdırdım, onu gələcək zamanlar üçün onun hökmdar şəhəri İzirtuda dikəltdim.” Mənbədən də aydın görünür ki, Assuriyanın törətdiyi dağıntılara baxmayaraq yürüşdən sonra Üllusununun mövqeyi ölkədə güclənir, müxalif qüvvələr məhv edilir. Bundan sonra hökmdar əsas diqqəti bərpa işlərinə yönəltdi. E. ə. 714-cü ildə Mannada yenə qiyam baş verdi. Dayaukki hakimi Üllusununun oğlunu girov götürdü. Ullusunu assuriyalıların köməyi ilə qiyamı yatıra bildi. Həmin il II Sarqonun Uratuya yeni yürüşü başladı. Manna sərhəddinə çatanda Ullusunu saray adamları, ailə üzvləri ilə birlikdə onun pişvazına çıxdı. Paytaxtda Sarqonun şərəfinə ziyafət verildi. II Sarqon Urartunu darmadağın etdi. Rusa ağır məğlubiyyətə dözə bilməyib özünü öldürdü. Ullusununun xahişi ilə Sarqon atçılığın inkişaf etdiyi Subi vilayətini Urartudan alıb Mannaya qaytardı. Yürüşdən sonra Mannada sabitlik yarandı.

 

Darmadağın edildikdən sonra zəifləyən Urartu dövləti görünür bir müddət elə bir təhlükə təşkil etmirdi. Bundan istifadə edən Manna tədricən sərhədlərini genişləndirir. Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə Ullusunu Assuriyanın üstünlüyünü tanımaqdan imtina etdi və bəzi Assuriya yaşayış məskənlərini ələ keçirə bildi. Assuriya hökmdarı Sinaxxerib və Urartu hökmdarı II Argişti Mannaya hücum etsələr də məğlub oldular. Ullusununun dövründə Mannada kənd təsərrüfatı, sənətkarlıq xeyli inkşaf etmişdi. Yeni suvarma kanalları çəkilmişdi. Ullusununun vəfatından sonra hakimiyyətə Ahşeri gəlmişdi.