Nağıllar, hekayələr

Aldədə əfsanəsi

Keçmiş zamanlarda Odlar ölkəsi Azərbaycanda Aldədə adlı bir qoca kişi vardı. Onun səsi-sorağı bütün aləmə yayılmışdı. Deyirdilər, Aldədə elə möcüzələr yaradır ki, gözü ilə görən də inanmır. Qocanın sorağı Bağdadda ərəb xəlifəsinə də çatmışdı. Xəlifə öz adamlarından üç nəfəri yanına çağırıb dedi:


− Elə bu gün Odlar ölkəsinə yola düşün. Deyirlər, orada Aldədə adlı bir möcüzəli adam peyda olub. Gedin, yoxlayın. Əgər doğrudan da möcüzələr yaradırsa, ona toxunmayın, nə istəyi olsa, yerinə yetirin. Yox, əgər fırıldaq eləyirsə, elə oradaca boynunu vurun. Xəlifənin adamları dərhal yola çıxdılar, üz tutdular Odlar ölkəsinə.

 

Gəlib Haçaqaya deyilən bir yerə çatdılar. Gördülər ki, geniş çöldə qoyun sürüsü, at ilxısı otlayır. Aldədə isə hündür bir daşın üstündə oturub. Ərəblər ona yaxınlaşıb ədəb-ərkanla salam verdilər. Bir az söhbətdən sonra hiss etdilər ki, qoca çox hikmətli adamdır.

Dünyanın əvvəlindən- axırından xəbər verir. Ərəblərdən biri dedi:


− Bəlkə, bir ocaq çatasan, yaman acmışıq.


Aldədə yadelli qonaqların niyyətini başa düşmüşdü. Ayağa qalxıb ocaq çatdı. Sürüdən bir quzu ayırıb kəsdi. Quzunun qolunu, budunu çılpaq əlindəcə közə tutub qızartmağa başladı. Kabab bişdi, Aldədənin isə heç əlinin tükü də qarsalanmadı.


− Bu nə möcüzədir? − deyə ərəblər heyrətlə dilləndilər. 


− Möcüzə yoxdur. Mən Odlar diyarının övladıyam, od oğluyam. Od odu yandırmaz. 


Amma ərəblər Aldədəyə inanmadılar. Elə bildilər ki, qocanın qaladığı odda bir sirr var. Dedilər: 


− Sən öz qaladığın odda, bəlkə də, yanmazsan, ancaq biz qaladığımızda elə bişərsən ki, dərin sümüyündən ayrılar.


Onlar yurd yerindəki təndiri elə qaladılar ki, alovun dilimləri Haça qayanın zirvəsinə çatdı. Sonra bir qaragöz quzunu Aldədənin qucağına verdilər. Qocaya əmr elədilər ki, quzu ilə birlikdə təndirə girsin. Aldədə sakitcə əmrə tabe oldu. Gecə vaxtı idi. Ərəblər təndirin ağzını iri sal daşla örtüb yatmağa getdilər. Səhər təndirin ağzını açanda ərəblər gözlərinə inanmadılar. Aldədənin başının tükləri, bığları qarlı-qırovlu idi, saqqalından buz salxımları sallanırdı, qucağındakı qaragöz quzu isə qıpqırmızı qızarıb bişmişdi. Heyrətdən ərəblərin ağzı açıq qalmışdı: 


− Bu, əsl möcüzədir, − dedilər. − Ey Aldədə, indi sənə inandıq. Xəlifəmiz əmr edib ki, sənin hər bir istəyini yerinə yetirək. Buyur, diləyini söylə. 


Aldədə üç iri ağac çubuğu götürüb dedi: 


− Gördüyünüz bu ağacların hərəsini bir tərəfə atacağam. Hara düşsə, gərək buradan ora kimi torpaqlara toxunmayasınız. 


Ərəblər sevindilər ki, Aldədə onlardan çətin bir şey istəmədi. Fikirləşdilər ki, qoca adamdır, yəqin, atdığı ağac o qədər də uzağa düşməz. Odur ki, razılıq verdilər. Aldədə birinci ağacı atdı. Ağac göydə süzdü, görünməz oldu. Ərəblər soruşdular: 


− Ağac hara düşdü? 


− Savalan dağına, − deyə Aldədə cavab verdi. 

 


Sonra qoca o biri ağacları da atdı və dedi: 
− İkinci ağac Şahdağa, üçüncü də Ağrıdağa düşdü. Xəlifəyə çatdırın ki, bu torpaqlarla işi olmasın. 


Ərəblər ağacların yerini biləndə bir ağızdan qışqırdılar: 


− Bu ki elə Odlar ölkəsi deməkdir! 


− Elədir. Şərtimiz şərtdir. Gərək əməl edəsiniz. 


Ərəblər gördülər ki, başqa çarələri yoxdur. Kor-peşman öz ölkələrinə qayıdıb əhvalatı xəlifəyə çatdırdılar. Beləcə, Aldədə Odlar yurdunu yadellilərdən xilas etdi.