Nağıllar, hekayələr

Məhəmməd Vəliyev. Ana pişiyin sevinci

Balaca Mahirə Bakıda dünyaya göz açmış olsa da, hər ilin yay aylarında Oğuz rayonunun çox səfalı dilbər guşəsində yaşayan baba və nəvəsinin yanında qalıb, dincəlməli olurdu. Təbiətin vurğunu olan bu qız hər şeylə maraqlanır, bilmədiklərini nənəsindən, babasından soruşub öyrənirdi.


Çəmənlikdən çiçək dərir, quşların, kəpənəklərin, bal arılarının uçmasına tamaşa edir, böcəklərin, qarışqaların hərəkətini izləyir, həyətdə toyuqların qaqqıldaması, körpə cücələrin analarının dalınca qaçması, xoruzların banlaması, pişiklərin miyoldaması, itlərin hürməsi, quzuların mələşməsi, atların kişnərtisi, sanki onun körpəlik dünyasına bir möcüzə qatmışdı.


İllər ötüb keçir, balaca Mahirə böyüyür, orta məktəbi bitir, ali təhsil alır, sevdiyi Müşfiq adlı bir oğlanla ailə qurur, bunların iki övladları dünyaya gəlir. Qızlarının adını Nərgiz, oğlanlarının adını isə Ömər qoyurlar. Mahirə bir ana kimi uşaqlarını sevir, onlara qayğı göstərir, dərslərini oxumaqda, yazılarını yazmaqda uşaqlarına yardımçı olur, onları əyləndirir, darıxmağa qoymur...


Bir gün Mahirə həyat yoldaşına xahiş edir ki, ona bir pişik alsın. Uşaqlıqdan pişiyə olan marağını ondan gizlətmir. Çox götür-qoydan sonra Mahirə həyat yoldaşını razı salır, birlikdə gedib evə bir pişik alıb gətirirlər. Qışda pişiyi Bakıda, yayda isə özləri ilə istirahət etdikləri İsmayıllı rayonunun Qoşakənd kəndinə aparırlar. Evdə dörd divar arasında böyüyən pişiyin sanki gözü açılır. Həyət-bacada gəzir, atılıb-düşür, siçanların, quşların dalınca qaçır, kola-kosa girir. Həmişə evdə yaşayan pişik indi içəri girib qapalı yerdə qalmaq belə istəmir. Bir müddət keçir, pişik dünyaya iki bala da gətirir. Uşaqlar bu balalara onların rənginə uyğun ad qoyurlar. Birinin rəngi qara olduğundan “Qara” pişik, o birinin rəngi ala olduğundan “Ala” pişik deyə çağırırlar. Havalar soyuduğundan, onlar pişikləri də götürüb Bakıya gəlirlər. İki ayı hələ tamam olmayan balaların anaları ilə birlikdə rahat və xoşbəxt yaşamaları heç də uzun çəkmir.

 

Bir gün evə qonaq gəlir, baş qarışır, ana pişik küçəyə çıxır, pilləkənlərlə aşağı-yuxarı qaçır, qonşunun uşaqları onu kimsəsiz görüb tutub evə aparırlar.


Ana pişiyi nə qədər axtarsalar da, tapa bilmirlər. İki gün ondan səs-soraq çıxmır. Pişik balaları darıxmağa başlayır, sanki körpə uşaq kimi göz yaşı töküb ağlayırlar. Nərgizlə Ömər də dinclik tapmır. Ay ata, ay ana, ay nənə, ay baba balalar yazıqdırlar, onlar acdırlar anasız yaşaya bilməzlər. Yalvarırıq anaları Məstanı tez tapıb gətirəsiniz.


Nənələri Nərgiz xanım bala pişiklərin analarını axtarmağa başlayır. Həyətdə yaşayanlardan, yoldan ötüb keçənlərdən, uşaqdan-böyükdən, qabağına çıxan hər kəsdən ana pişiyi soraqlayır. “Gördüm” deyən olmur ki,
olmur.


Nənə darıxdığından, nəvələri Nərgizin, Ömərin pişik balalarına qoşulub ağlamalarına dözə bilmədiyindən, evə gəlmək istəmir. Nənə geri dönəndə həyətin sakini Canpoladla rastlaşır. Ana pişiyin itdiyini ona söyləyir.


-Bacı, pişiyin rəngi necə idi?


-Onun rəngi açıq göy rəngdə idi.


-Narahat olma, mən də soraqlayaram.


Sən demə Canpolad kişi itən pişikdən xəbərdar imiş. Onun nəvələri ana pişiyi tutub evə aparıblarmış.


Canpolad evə gəlib nəvələrinin üstünə hirslənir:


-Siz utanmazlar, gedib iki körpə balası olan xalxın pişiyini niyə tutub evə gətirmisiniz? Tez olun onu açın buraxın.


Qapı açılan kimi ana pişik qığılcım kimi pilləkənlərlə qaça-qaça balalarının yanına tez çatmaq üçün miyoldaya-miyoldaya qabaq ayaqları ilə qapını döyür. Qapı açılanda hər kəs şoka düşür, ana pişik özünü balalarının üstünə atır, onları duz kimi yalamağa başlayır. İki günlük həsrətə son qoyulur. Sevincindən analarına qovuşan balalar atılıb-düşməyə başlayırlar.


Balalarına həsrət qalan ana pişik yenidən xoşbəxtlik dünyasına qovuşur.