Xəbərlər

Şagirdlər arasında II Bakı Elm Olimpiadası keçiriləcək

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadası keçiriləcək.

 

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdir.

 

Olimpiada 8-ci və 9-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq. Olimpiadanın I mərhələsində iştirak edəcək komandalar fevralın 5-dək elektron qeydiyyatdan keçməlidirlər. Olimpiadanın I mərhələsində (18 fevral) ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II - final mərhələsində iştirak üçün vəsiqə qazanacaq.

 

Birinci mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığını (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.

 

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komandalar və şagirdlər diplomla təltif olunacaq.