Görkəmli şəxsiyyətlər

Həsən Əliyev

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əlirza oğlu Əliyev, 1907-ci il dekabrın 15-də Zəngəzur mahalının Comərdli kəndində dünyaya göz açıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən 1918-ci ilin qanlı hadisələri Comərdli kəndinə də çatır. Qəflətən hücuma məruz qalan köməksiz Comərdli əhli Naxçıvana üz tutur. Həsən Əliyev 17 yaşında Naxçıvan şəhərində kənd axşam məktəbində oxuyur və 23 yaşında məktəbi bitirir. O, dünyagörüşü ilə həmyaşıdlarından seçilirdi. 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında “Müəllim lazımdır” adlı məqalələrini dərc etdirib.
 
 
Həsən Əliyev həmin illərdə (1924-1930) Naxçıvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda da təhsil alır. Muxtar respublikanın Torpaq Komissarlığının zərərvericilərə qarşı mübarizə aparan şöbəsində baş fəhlə işləyir. 1935-ci ilədək kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki ziyanvericilərinə qarşı mübarizədə zəngin təcrübə toplayır. Bacarığını və biliyini nəzərə alaraq onu müxtəlif vəzifələrə irəli çəkirlər.
 

Altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil almış Həsən Əliyev birbaşa aspiranturaya qəbul olur. 1937-ci ildə SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialı yaradılır. Bakı şəhərinə gələn Həsən Əliyev SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi, sonra isə elmi katib işləyir.

 

Torpağın qədrini bilən Həsən Əliyev xam torpaqların tədqiqi ilə məşğul olmağı qət edir. Qobustanın cənub-qərb hissəsinin arid torpaqlarının tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafik əsəri (1940) ilə nəticələnir. Alim bu əsərində arid (quraq) iqlim şəraitində yaranmış xam torpağın elmi təhlilini verməklə ondan necə istifadə etmək yollarını da göstərib.

 

Gənc alim İkinci Dünya müharibəsinin davam etdiyi 1941-1943-cü illərdə Şimali Qafqaz uğrunda döyüşən orduda zabit kimi xidmət edir, ağır yaralanır.

 

 
H.Əliyev 1944-cü ildə aqrar elmlər üz­rə fəlsəfə doktoru, 1965-ci ildə aqrar elm­lər üzrə elmlər doktoru elmi dərəcələrini al­mış­, 1952-ci ildə isə Azərbaycan Elmlər Aka­demiyasının (AEA) həqiqi üzvü seçilmişdir.
 
 
H.Əliyev əmək fəaliyyətinə fəhləlikdən başlamış, müəllim, Şirvan Zona-Təcrü­bə stansiyasının direktoru, SSRİ Elmlər Akademiyasının Azər­baycan Filia­lında Coğrafiya Bölməsinin rəhbəri olmuş, AEA Torpaqşünas­lıq və Aqro­kimya İnstitu­tunun elmi işlər üzrə direktor müavini, AEA Bota­nika İnstitutu­nun direktoru, Azərbaycan KP MK-nın katibi və respublika Kənd Təsərrüfatı nazirinin birinci müavini vəzifələrində işləmişdir. H.Əliyev AEA-nın akademik-katibi, Torpaqşü­nas­lıq və Aqrokimya İnstitutunda “Meşə torpaq­larının coğ­rafiyası” şöbəsinin rəhbəri, 1968-1987-ci illərdə AEA Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna kimi isə direktorun məsləhətçisi olmuşdur.
 
 
H.Əliyevin əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, res­publika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həlli, quru meliorasi­yanın inkişafı və Azərbaycan Respublikasının bioloji, ekoloji prob­lemlərinin beynəlxalq aləmdə təbliğ edilməsi olmuşdur. Alim meşəçilik elminin inkişafına geniş yer vermiş, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirmişdir. İlk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırmış, ömrünün sonuna qədər həmin tədqiqatları davam etdirmişdir.
 
 
H.Əliyev 6 monoqrafiya, 13 kitab, 300-dən çox elmi, 189 elmi-kütləvi məqa­lənin müəllifi, 50-dən çox xəritənin həmmüəllifi və redaktoru olmuşdur.
 
 
H.Əliyev öz elmi fəaliyyəti dövründə Afrika, Asiya, Amerika, Avstra­liya qitə­lərində, o cümlədən, Yunanıstan, ABŞ, Kanada, Rumıniya, İsveçrə, Macarıs­tan, Yaponiya, keçmiş Qərbi Almaniya və s. ölkələrdə keçirilən elmi konqres­lərdə, simpoziumlarda iştirak etmişdir.
 
 
H.Əliyevin rəhbərliyi ilə 5 elmlər doktoru, 20-dən artıq fəlsəfə dok­toru ye­tişdirilmişdir. H.Əliyev «Azərbaycan təbiəti» jurnalının yaradıcısı və baş redak­toru, coğrafiya üzrə bir sıra problemlər üzrə elmi şuraların üzvü, Azər­baycan Coğrafiya Cəmiyyətinin, Təbiəti Mühafizə Cəmiyyətinin prezi­denti, Azər­baycan Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olmuşdur.
 
 
H.Əliyev elmdə xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə görə «Lenin» ordeni, «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni, “Oktyabr in­qilabı” ordeni, Vavilov adına qızıl medal və b. yüksək dövlət mükafatla­rına layiq görülmüş, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sove­tinə deputat seçil­mişdir. 1974-cü ildə elmdə xidmətlərinə görə ona Res­publikanın Əməkdar elm xadimi adı verilmiş, 1978-ci ildə təbiətin mühafi­zəsi və Azərbay­canın təbii ehti­yatlarından səmərəli istifadə üzrə kompleks işlərinə görə Respublika Döv­lət Mükafatına layiq görülmüşdür.
 
 
Akademik Həsən Əliyev 1993-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.