Görkəmli şəxsiyyətlər

Əhməd Cəmil

Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində sənətkar ailəsində doğulmuşdur. İbtidai və orta təhsilini Gəncədə almışdır.

 

«Gözəl Qafqaz» adlı ilk şeiri 1928-ci ildə «Qızıl Gəncə» jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir.

 

Sonra Bakıda Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933-1936), sonra Gəncədə (1936-1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçılar İttifaqında poeziya bölməsində məsləhətçi, «Ədəbiyyat qəzeti»ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940-1942).

 

İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz və Krım cəbhə qəzetləri redaksiyalarında çalışmışdır (1942-1943). O, 1944-1948-ci illərdə Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi vəzifəsində işləmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə «Ədəbiyyat qəzeti»ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953-1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956-1959), «Azərbaycan» jurnalının redaktoru (1959-1960), Azərnəşrin baş redaktoru (1962-1963), Gənclik nəşriyyatında redaktor (1964-1967), «Ulduz» jurnalında baş redaktor işləmişdir (1973-1977). Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir.

 


Əhməd Cəmil 1977-cı ildə Bakıda vəfat etmişdir.