Xəbərlər

Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri bəlli olub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paytaxt məktəbliləri arasında keçirilən II Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda - Kimya-biologiya təmayüllü Respublika Liseyi, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi, Akademik Zərifə Əliyeva adına Lisey, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyi, Bakı Avropa Liseyi, BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Heydər Əliyev adına Lisey, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Məktəb-Lisey Kompleksi, 220 nömrəli məktəb-lisey, 264 nömrəli məktəb-lisey, 287 nömrəli Zəkalar liseyi, 166 nömrəli məktəb-lisey, 136, 260, 24, 129, 313, 229, 80, 276, 329, 192, 24 nömrəli tam orta məktəblərin komandaları olimpiadanın II (final) mərhələsində iştirak üçün vəsiqə qazanıb.

Qeyd edək ki, olimpiadanın I mərhələsində 318 ümumi təhsil müəssisəsindən 950 şagird iştirak edib. Komanda şəklində yarışan VIII və IX sinif şagirdləri 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.

Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.