Yumor

Bəhlulun xələti

Günlərin birində Bəhlulu padşahın düzəltdiyi toy məclisinə çağırırlar. Vəzir gəlib Bəhlula deyir: padşah dedi ki, gələndə özü ilə ağıllı bir adam gətirsin. Bəhlul yaxınlıqdakı qəbristanlığa gedib iki ölü kəlləsi çıxardır. Gətirib kəllələrin ikisinin də qulaqlarına torpaq doldurur. Torpağı birinci kəllənin qulağından tökən kimi, o biri qulağından eşiyə tökülür. O biri kəllənin qulağına torpaq tökəndə içəridə qalır və yerə tökülmür. Bəhlul ikinci kəlləni götürüb məclisə gəlir. Padşah adamları onu dəli bilib, döyüb qovmaq istəyirlər. Padşah icazə verməyib deyir:
-Qoyun, bunun mənasını öyrənək.


Padşah Bəhluldan soruşur:
-Bu nə əhvalatdı? 
Bəhlul deyir:
-Mənə vəzirin dedi ki, yaxınında olan bir nəfər də ağıllı adam tap, onunla məclisə get. Mən nə qədər fikirləşdim, yaxınlığımda ağıllı adam tapa bilmədim, odur ki, baxdım, bu kəlləni ağıllı bilib onu gətirdim. 


Padşah dedi:
-Sən nə bilirsən ki, o quru kəllənin sahibi ağıllı adam imiş?


Bəhlul deyir:
-İki kəllə götürmüşdüm. Birinin bu qulağından torpaq tökdüm, o biri qulağından yerə töküldü, bildim ki, bu kəllənin sahibinə hər nə söz deyiblərsə, bu qulağından alıb o birisindən çıxararmış. İkinci kəllənin qulağından tökdüyüm torpaq isə içəridə qaldı, yerə tökülmədi.

Bildim ki, bu kəllə sahibi çox ağıllı adam imiş, başında şaxlarmış.


Bu sözdən sonra məclisdə oturanlar Bəhlula afərin deyib gətirdiyi kəlləni ən qiymətli xələt hesab eləyirlər.