Görkəmli şəxsiyyətlər

Məmmədyusif Cəfərov

Siyasi və dövlət xadimi Məmmədyusif Hacıbaba oğlu Cəfərov 14 mart 1885-ci ildə Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almışdır. 1912-ci ildə Moskva universitetinin hüquq fakültəsini bitirmişdir. Tələbəlik illərində tələbə hərəkatında fəal iştirak etmişdir. 1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dövlət Dumasına Rusiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da seçkilər keçirildi. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı M. Cəfərov əvvəl Bakıda, oktyabrın 20-də isə Yelizavetpolda Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmişdir. M. Cəfərov 1912-1917-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak etmiş, Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilmişdir. 1917-ci il martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibinə V. Xarlamov (rus), A. Çxenkeli (gürcü), K. Abaşidze (gürcü), M. Papaçanovla (erməni) yanaşı M. Cəfərov da daxil oldu. M. Cəfərova bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 1917-ci il noyabrın 15-də Tiflisdə Y. Gegeçkorinin sədrliyi ilə Müstəqil Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığı yaradıldı. M. Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutmuşdur.

1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M. Cəfərov da seçilmişdi. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27-də Müsəlman fraksiyasının fövqəladə iclası çağırıldı. Onlar M. Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F. Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi təşkil etdilər. İcra Komitəsinin tərkibinə M. Hacınski, N. Yusifbəyov, X. Xasməmmədov və b. ilə birlikdə M. Cəfərov da seçildi. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqda M. Cəfərov bu hökumətinin tərkibinə sənaye və ticarət naziri kimi daxil olur. 1919-cu ildə Azərbaycan parlamentinə seçilir və Müsavat partiyasının üzvü olur. Tezliklə M. Cəfərov Azərbaycanın diplomatik nümayəndəsi kimi Gürcüstana göndərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dördüncü kabinetində M. Cəfərov xarici işlər naziri olur. 1920-ci ilin fevralında Azərbaycan parlament sədrinin müavini seçilir. Bu ərəfədə parlamentin sədri Əlimərdan bəy Topçubaşov Versal sülh konfransında iştirak etdiyinə görə M. Cəfərov parlamentin sədri vəzifəsini icra edir. 27 aprel 1920-ci ildə gecə saat 23-də bolşeviklər M. Cəfərovu Azərbaycan parlamentinin hakimiyyəti bolşeviklərə verməsi haqqında razılığa imza etməyə məcbur etdilər. Sovet dövründə Məmmədyusif Cəfərov müxtəlif sənaye müəssisələrində hüquq məsləhətçisi işləmiş, 15 may 1938-ci ildə Bakıda vəfat etmiş, Şağan kəndində dəfn olunmuşdur.