Görkəmli şəxsiyyətlər

Ceyhun Hacıbəyli

Publisist, ədəbiyyatşünas, ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 3 fevral 1891-ci ildə Şuşada doğulmuşdur. Üzeyir Hacıbəyovun kiçik qardaşıdır. İlk təhsilini Şuşada, orta təhsilini Bakıda almışdır. Daha sonralar Peterburq və Sarbonna universitetlərində təhsil almışdır.

 

Gəncliyində musiqi və teatrla maraqlanmış, sonra əsaslı şəkildə ədəbiyyat və publisistika ilə məşğul olmuşdur. Parisdə yaşayaraq “Revyu de Monde musulman” jurnalında Azərbaycan türklərinin mədəniyyəti ilə bağlı mütəmadi olaraq məqalələrlə çıxış etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bərqərar olduqda C. Hacıbəyli Bakıya qayıdaraq rusdilli “Azərbaycan” qəzetinin redaktoru olmuşdur. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında iştirak etək üçün parisə getmişdir. Parisdə “Azərbaycan ilk müsəlman Respublikası” kitabını nəşr etdirmiş, “Revyu de Monde musulman” jurnalında Andranikin başçılıq etdiyi erməni millətçi-şovinist bandasının Azərbaycanda törətdiyi soyqırımında 30 min insanı vəhşicəsinə qətlə yetirməsindən bəhs edən böyük məqalə ilə çıxış etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda kommunist rejimi qurulduqdan sonra C. Hacıbəyli Parisdə qalmışdır. Fransız oxucularını Azərbaycan musiqisi, incəsənəti və ədəbiyyatı ilə tanış etmiş, Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasını fransız dilinə tərcümə edərək, səhnəyə qoyuluşunda iştirak etmişdir. Azərbaycan teatrı, ədəbiyyatı, Hüseyn Cavid, Cəfər Cabbarlı haqqında məqalələr yazmışdır. 1928-ci ildə “Aziatik” jurnalında böyük azərbaycanlı ensiklopedist alim-filosof Abbasqulu ağa Bakıxanov haqqında bir sıra məqalələr dərc etdirmişdir. 1933-cü ildə “Aziatik-revyu” jurnalında bu gün də əhəmiyyətini itirməyən “Qarabağ azərbaycanlılarının dialekti” adlı elmi məqalə dərc etdirmişdir. C. Hacıbəyli fransız şərqşünasları A. Beniqsen və T. Kelkejeninlə 1964-cü ildə nəşr olunmuş “Rusiyada 1920- ci ilədək müsəlman nəşriyyat işinin tarixi” adlı monoqrafiyanın hazırlanmasında iştirak etmişdir.

 

Ceyhun Hacıbəyli Zöhrə Hacıqasımova-Hacıbəyli ilə ailə həyatı qurub. Bu evlilikdən onların Ceyhun və Timuçin adlı oğulları dünyaya gəlib. Oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra II Dünya müharibəsində Fransa uğrunda Puatye yaxınlığındakı döyüşlərdə 23 yaşında həlak omuşdur. Timuçin Hacıbəyli isə Parisdə təhsil alıb, Fransa Alüminium Konserninin baş mühəndisi vəzifəsində çalışıb. 1993-cü ildə dünyasını dəyişib.  Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə vəfat etmiş, Sen-Klu qəbiristanlığında dəfn olunmuşudur. Bakı küçələrindən biri onun adını daşıyır.

 

Ceyhun Hacıbəylinin irsinin böyük bir qismi ictimai xadim Ramiz Abutalıbov tərəfindən Azərbaycana gətirilmiş və hazırda Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, 649 saylı fondda mühafizə olunur.