Təbiət

İlbizin çanağı

Siz, yəqin, fikir vermisiniz ki, ilbiz öz çanağından necə boylanır və bu zaman öz buynuzlarını müxtəlif səmtlərə çevirərək necə oynadır. Heç onlardan birini yemək könlünüzdən keçib? Yox? Bəzi ölkələrdə, məsələn, Fransada isə ilbiz ən ləziz təamlardan sayılır.

 

İlbizlər molyusklar ailəsinə aiddirlər. Bu canlıların onurğası olmur. Onların bəziləri bağlarda, digərləri su hövzələrində, başqaları isə, hətta okeanlarda yaşayır. Lakin ilbizlərin iki başlıca növü var - çanağı olanlar və yalnız nazik mantiya qatı ilə örtülənlər. İkinci dəstənin nümayəndələrini, adətən molyusk adlandırırlar. Quruda yaşayan ilbizlərin üç santimetrlik çanaqları olur. Molyuskların ölçüsü isə 7 santimetrə çatır.

 

Bütün ilbizlərin bədəninin aşağı hissəsində yerləşən bir dənə iri ayağı var. Bu məxluqların bir, ya iki bığcığı, yaxud buynuzu da olur. İki gözləri var ki, həmin bığcıqların ucunda da yerləşə bilər, dibində də, ağzının yanlarında da. Bu bığcıqların ucu çox vaxt genişlənir və içində xırda dişciklər olur. Heyvan bu dişciklər vasitəsiylə bitkilərin hissəciklərini qaşıyıb götürə bilir.

 

Bəzi ilbizlər heyvan mənşəli qida qəbul edirlər. Məsələn, sarı çanağı olan, istirdiyyə burğusu adlanan növdən olan ilbizlər istirdiyyələrin çanağını deşib onun əti ilə qidalanır.

 

İlbizlər bir ağ ciyər, yaxud qəlsəmələr vasitəsilə nəfəs alırlar. Gözəl formalı çanağı olan ilbizlər özlərinin mantiyası, örtüyüylə seçilirlər. Onların çanağı spiralşəkilli olur və heyvan böyüdükcə, onda yeni-yeni burumlar əmələ gəlir.

 

İlbizlərin çoxu yumurta qoyur, lakin bəzi növlər dünyaya diri bala gətirirlər.

 

Həm çanaqlı, həm çanaqsız ilbizlər yeriyərkən arxasında nəm, parlaq iz buraxırlar. Bu maye onlara imkan verir ki, daim nəm qalsınlar. İlbizi nəmləşdirən selik qışda quruyaraq çanağın ağzını örtür. İlbizlər qış yuxusuna gedəndə yerdəki çalalardan, çatlardan istifadə edirlər.