Görkəmli şəxsiyyətlər

Cəfərqulu xan Cavanşir

Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi, İbrahimxəlil xanın nəvəsi, general-mayoru Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, saray təlim-tərbiyəsi almışdı.

 

Əmisi Mehdiqulu xanla arasında hakimiyyət uğrunda gedən çəkişmələr nəticəsində Cəfərqulu xan Cavanşir Sibirə sürgün olunur. Sürgündən dönəndən sonra Qarabağ atlı alayının komandanı olur. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı, süfrə açanda ətrafına alimlər, aydınlar əyləşərdi.

 

Cəfərqulu xan həm də şair idi. “Nəva” təxəllüsü ilə şeirlər yazırdı.

 

Cəfərqulu xan Əcaibnisə xanım Tuni bəy qızı və Yetər xanım Hüseynqulu bəy qızı ilə ailəli olmuşdu. Abdullapaşa ağa, Kərim ağa, Hidayət ağa adlı oğulları vardı.

 

Cəfərqulu xan 1867-ci ildə vəfat edib. Ağdam rayonu ərazisindəki ailə gorgahları İmarətdə dəfn edilib.

 

Yazıçı Ənvər Çingizoğlu “Cəfərqulu xan Sarıcalı-Cavanşir” adlı kitabında məşhur Azərbaycan sərkərdəsi Cəfərqulu xan Nəvanın yaşam salnaməsini əks etdirib. Əsərdə onun tarix səhnəsinə çıxmasının zəmini və əsas məqamları izlənmiş, şəxsiyyəti barədə ətraflı məlumat verilmiş və Qarabağ xanlığı uğrunda göstərdiyi çabaçalışmalar təfərrüatı ilə təsvir edilmişdir.