Bu maraqlıdır!

Süd yolu

Göy üzünün ən gözəl, ən ecazkar obyekti, yəqin ki, Süd Yoludur. Səmanın bir ucundan digərinə, qiymətli daşlardan düzələn qənirsiz bir boyunbağı kimi uzanıb gedir. Heç təsadüfi deyil ki, qədim insanlar da bu ecazkar mənzərəyə baxanda, eynən elə bizim kimi təəccüblənir, bu əsrarəngiz gözəlliyə heyran qalırlar. Gördüklərinin nə olduğunu anlamadan, öz aləmlərində Süd Yoluna cürbəcür, obrazlı izahlar verirdilər.

 

Xristianlığın yenicə yarandığı vaxtlarda insanlar elə fikirləşirdi ki, bu mələklərin göyə qalxmaq üçün istifadə etdiyi bir səma yoludur. Onlar həm də belə düşünürdülər ki, Süd yolu göy üzündə bir dəlikdir və bu dəlikdən Yerdə yaşayan insanlar göy qübbəsinin o tərəfində baş verənlərdən xəbər tuta bilir.

 

Bizim Süd Yolu barədə müasir biliklərimiz belə, ona heyran qalmağımıza qəti maneə olmur. Çünki qalaktikamızın yaranması barədə həqiqətlər də elə bu haqda qədim əfsanələr qədər gözəl, romantikdir.

 

Bizim qalaktika girdə, onun səthi isə düzdür, formaca bir az saatı xatırladır. Əgər biz ona yuxarıdan baxa bilsəydik, onda görərdik ki, bu əzəmətli qalaktika, həqiqətən, bir qol saatına bənzəyir. Lakin biz qalaktikanın içindəyik deyə yuxarı baxanda, elə bil saatın içindən qıraqlarına baxmış oluruq. Və görürük ki, onun qıraqları bizi lap saatın qolbağı kimi qucur. Bax, həmin bu görünən milyonlarla ulduz elə Süd Yoludur.

 

Bəs, sizə bəllidir ki, qalaktikamız üç milyard ulduzdan ibarətdir? Biz onun ölçüləri barədə də müəyyən məlumata malikik. Bilirik ki, Günəşin işığı Yerə 8 dəqiqəyə çatır. Bizim qalaktikanın mərkəzindən Günəşə yetişmək üçün isə, işıq şüası 27 min il yol getməlidir.

 

Qalaktika öz oxu ətrafında bir təkər kimi fırlanır. Tam bir dövrə üçün ona 200 000 000 il gərəkdir.