Yumor

Haqq gəlməsəydi

Bəhlul Danəndə yol ilə gedirmiş, görür ki, onun tanıdığı bir adam qılıncını siyirib bir kəndlini öldürdü, özü də qaçıb getdi. Bəhlulu fikir götürür ki, ay aman, bu binəvanın günahı nə imiş ki, onu öldürdülər? İndi baxacağam, görüm dünyada haqq-ədalət varmı? Varsa, adam öldürəni tapıb cəza verəcəklər, yoxsa, onda bu bədbəxtin qanı batacaq, haqsızlıq qalib gələcək. 


Bəhlul da xəncərini siyirib meyitin qanına bulayır, sonra da xəncərini qanlı-qanlı qınına salıb gedir. Bu zaman bir nəfər Bəhlulu uzaqdan görür. Tez gedib padşaha xəbər verir ki, Bəhlul bir adamı öldürüb tikə-tikı doğradı, xəncərini də qanlı qınına qoydu. İnanmırsan, çağır, yoxla.


Padşah əmr elədi, Bəhlulu gətirdilər, onun xəncərinə baxıb gördülər ki, doğrudan da, qanlıdır. Padşah əmr elədi, Bəhlulu sorğu-sualsız dar ağacın dibinə çəkdilər. Camaat hamısı gəlmişdi tamaşaya, yolda adamı öldürən qatil də orada idi. Kəndiri Bəhlulun boğazına keçirmək istəyəndə əsl qatil padşahın qabağına gəlib boynuna aldı ki, kəndlini o öldürüb, Bəhlulun günahı yoxdur. 


Padşah Bəhluldan soruşdu ki, bu nə əhvalatdır?
Bəhlul dedi:
-O kişi düz deyir, kəndlini mən öldürmüşəm. Bütün bu işləri ona görə elədim ki, görüm dünyada haqq-ədalət varmı. 


Padşah dedi:
-İndi gördün ki, mənim torpağımda haqq-ədalət var!


Bəhlul dedi:
Yox, padşah, düz demirsən, sənin ölkəndə ədalətsizlik hökm sürür. Əgər haqq gəlməsəydi, boğazım kəndirdən qurtarmazdı.