Təbiət

Nərgizin şəfaverici gücü

Baharın müjdəçisi olan sarı rəngli nərgiz çiçəkləri erkən yazda qar altından baş qaldıraraq təbiətə salam verir. Onun adı yunan mifologiyasında nakam məhəbbətə qurban gedən gənc Narkissosun şərəfinə verilib. Yunan dilində “narkao” sözündən yaranan nərgiz sözü tərcümədə məst, sərxoş etmək deməkdir. Nərgiz bəzək bitkisidir və onun bir çox növləri mövcuddur. El arasında nərgiz gülünün mənalarının fərqli olduğu deyilir. Ağ nərgiz gülü diqqət, sarı nərgiz gülləri qarşılıqsız sevgi deməkdir.

 

Onun elmə 40-a qədər növü məlumdur. Nərgizin şirəsi zəhərli olduğundan floristlər onu digər güllərlə eyni qabda saxlamırlar, hətta toksiki olduğuna görə onu heyvanlar da yemir. İncə, uzun, sivri uclu və yastı yarpaqları var. Təqribən 50 santimetr boyunda olan həmin yarpaqlar bəzi yerlərdə 1 metrə qədər uzanır. Uzun müddət evdə saxlayanda çiçəyin ətri başağrılarına səbəb olur. Parfümeriyada onun təbii və sintetik yağı geniş tətbiq edilir. Yetişdirilən zaman xüsusi qulluq tələb etmir. Elmi təbabətdə tətbiq edilməsə də, xalq təbabətində bir sıra şəfaverici xüsusiyyətlərinə görə istifadə olunur. Nərgizin çiçək, yarpaq və budaqlarından dərman kimi istifadə edilir. Onu günün ən isti vaxtında yığmaq lazımdır, çünki bitkinin müalicəvi gücü məhz həmin vaxt üzə çıxır.

 

Bəzək bitkisi olaraq istifadə edilməsi ilə yanaşı onun şəfalı təsirləri də var. XX əsrin əvvəllərində yapon alimləri nərgizdən alınan alkoloidlərin bəzi növ leykozların müalicəsində uğurlu nəticə verdiyini təcrübədə sınaqdan keçiriblər. Bitkidən əldə edilən yağ, cövhər, spirtli çıxarış və dəmləmə həkim məsləhəti ilə furunkul, karbunkul, mastit, hemorroy zamanı istifadə edilir.

 

Qızdırmasalıcı xüsusiyyəti var, antibakterialdır, qan təmizləyicidir, baş ağrısını aradan qaldırır, kökü üyüdüldüyü zaman yaralara yaxşı təsir edir, çibanların tez müddətdə sağalmasını təmin edir, burun dəliklərindəki tıxanmaları açır.

 

Bitkidən hazırlanan yağdan üzdəki çillərin aparılmasında, dəridəki müxtəlif iltihabi proseslərin müalicəsi, oynaq xəstəliklərinə, radikulit və dazlaşmaya qarşı mübarizədə istifadə olunur, həmçinin nərgizgülü əsəb sistemini sakitləşdirir, həyəcan və qorxu hissini azaldır, əhvali-ruhiyyəni qaldırır və ovqatı yaxşılaşdırır.

 

Allergiyası olanlar, hamilələr, südverən xanımlar və azyaşlı uşaqların ondan istifadə etməsi əks göstərişdir.