Yumor

Xain qapıçı

Bir padşah saray qonaqlığına Bəhlulu da çağırıbmış. Məclisin şən keçməsi üçün padşah deyir:
-Kim bu məclisə layiq məharət göstərsə, ona qırx dinar verəcəyəm, yox əgər xoşuma gəlməsə, onda həmin adama qırx çubuq vurduracağam. Bəhlulun yanına gözəl səsli bir kişi oturubmuş, o deyir:
-Ya xəlifə, mən yaxşı oxumaq bilirəm, izn versən oxuyaram.


Padşah deyir:
-Başla, oxu görək.


Kişi oxuyur, padşah onun səsini bəyənərək qırx dinar vermək istəyir. Lakin bu vaxt padşahın qapıçısı deyir:
-Padşah sağ olsun, kişi yaxşı oxudu, amma mən elə bir adam tanıyıram ki, o bundan da yaxşı oxuyur. 


Qapıçı həmin adamı məclisə gətirdi. Bu adam bir ağız oxudu. Doğrudan da, hamı təsdiq etdi ki, o, əvvəlki müğənnidən daha yaxşı oxuyur. Padşah birinci oxuyana qırx çubuq vurdurmaq istədikdə kişi deyir:
-Məni döydürmə, indi sizin üçün elə çalıb-oynayım ki, hamı heyran olsun. 


Padşah icazə verir. Kişi çalıb-oynayır, padşahın çox xoşuna gəlir. Ona qırx tümən vermək istəyəndə qapıçı yenə özünü irəli verir:
-Ya padşah, icazə ver, elə bir rəqqasə gətirim ki, bunu kölgədə qoysun. 


Padşah deyir:
-İcazə verirəm, gətir.


Qapıçı dərhal həmin adamı gətirir. Onun çalıb oynamasını bəyənən padşah ona qırx dinar verir. Əvvəlki rəqqası cəzalandırmaq istəyəndə Bəhlul başa düşür ki, qapıçı ilə birinci oxuyub-oynayan arasında ədavət var. Kişinin çıxılmaz vəziyyətdə qaldığını görüb onun qulağına pıçıldayır:
-Kişi, de ki, mən elə bir ox atanam ki, gözüyumulu da atsam, qapıçının qulağında sırğa yeri aça bilərəm.


Kişi padşahdan icazə alıb Bəhlulun pıçıldadığı sözləri söylədikdə qapıçı həyəcanla deyir:
-Padşah sağ olsun, kişi bunu doğru deyir, onu yoxlamaq lazım deyil, hədiyyəsini verək, çıxıb getsin.