Görkəmli şəxsiyyətlər

Əli Məhzun

Mollanəsrəddinçi, şair, publisist, “Məhzun” təxəllüslü Əli Hacı Zeynalabdin oğlu Rəhimov 1886-cı ildə İrəvan şəhərində anadan olub.  


"Bürhani-həqiqət" jurnalının müdiri və mühərriri kimi tanınmış Əli Məxzun hələ gənc yaşlarından ədəbiyyata maraq göstərib. Əsərləri “Molla Nəsrəddin”, “Məzəli”, “Babai-Əmir” jurnallarında, “İqbal”, “Sədayi-həqq” qəzetlərində və digər mətbu nəşrlərdə dərc olunub.
Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, bəzən başqa müəlliflərin əsərləri kimi qələmə verilirdi. 

 

“Anaş qurbağa”, “Yetim cücə” imzaları ilə yazılarını dərc etdirirərək özünü qaragüruhçulardan qorumağa çalışan Ə.Məhzun 25 mart 1913-cü ildə Əsgər Axundov ilə birgə İslam Dram Şirkəti adlı bir şirkətin fəaliyyəti üçün İrəvanın rəsmi dairələrindən icazə alıblar.

 

Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işıq üzü görüb. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndiriləsi məqsədilə məcmuə ilə əməkdaşlığa cəlb edib.

 

İrəvanın ictimai-siyasi, mədəni həyatında iştirak edən qadınların  öz yaradıcılıqları ilə “Bürhani-həqiqət”də görünməsi böyük hadisə idi. Mövhumatın, cəhalətin qatı hökm sürdüyü bir şəhərdə onları jurnalla əməkdaşlığa həvəsləndirmək, xanımların ədəbi düşüncələri ilə xalqı tanış etmək əslində Ə.Məhzunun adına, şəxsiyyətinə böyük inamın nəticəsi idi. Ə.Məhzun cəmiyyət həyatında qadınların da iştirak etməsinə yol açır, onları öz qanadı altına alaraq inkişaf etmələrinə çalışırdı. Cavan olmasına baxmayaraq xalqın içində müəllim, şair, ədib kimi böyük nüfuza malik idi. Odur ki, qadın yazarlar həm əsərlərinin işıq üzünə çıxmasından fərəhlənir, həm də onunla ideya birliyi nümayiş etdirməyə cəsarətlənirdilər. 

 

Ermənilərin 1918-1920-ci illərdə İrəvanda azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanı Əli Məhzun şəhəri tərk edərək Azərbaycanda məskunlaşmış, müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib.Əli Məhzun 1934-cü ildə vəfat edib.