Yumor

İki qonşunun əhvalatı. Bəhlul Danəndə lətifələri

İki qonşudan birinin inəyi, birinin atı doğur. İnək sahibi qonşunun qulununu gətirib öz inəyinin yanına buraxır. At sahibi gəlib qulunu istədikdə qonşu deyir:
-Qulunu mənin inəyim doğub.


O biri qonşu nə qədər başa salır ki, ay balam, inək qulun doğmaz. İnək sahibi deyir: doğar. Axırda hər ikisi gedirlər qazının yanına. İnək sahibi qazıya nə eləyirsə, qazı deyir:
-İnək qulun doğa bilər.


Əsl qulun sahibi qalır yana-yana. Axırda bu əhvalatı gedib Bəhlula söyləyir.


Bəhlul deyir:
-Səbr elə, mən bu işə bir əncam çəkərəm.


Bu əhvalatdan sonra Bəhlul bazardan beş-on cücə alıb özünü elə öyrədir ki, o hara getsə, cücələr də onunla gedir.


Elə ki, cücələr tamam Bəhlula adət eləyirlər, o, cücələri də yanına salıb düzə gəlir qazının yanına.


Bəhlulun yanınca cücələrin gəldiyini görən qazı soruşur:
-Bəhlul, bunlar nədir?
Bəhlul deyir:
-Uşaqlarımızdır.
Qazı deyir:
-Cücədən də uşaq olar?
Bəhlul deyir:
-İndi ki, belədir bəs at və inək sahibləri sənin yanına şikayətə gələndə niyə belə demirdin?


Qazı görür ki, Bəhlul onu yaman yerdə yaxalayıb, odur ki, şikayətçiləri təzədən çağırtdırıb, qulunu atın sahibinə qaytarır.