Afişa

Rəngkarlıq Muzeyində uşaqlar üçün ustad dərsləri keçiriləcək

“Little YARAT” layihəsi çərçivəsində uşaqlar üçün keçiriləcək ustad dərslərinin aprel proqramı açıqlanıb.

 

YARAT-dan AZƏRTAC-a bildirilib ki, ilk ustad dərsi aprelin 1-də Elnarə Nəsirlinin rəhbərliyi ilə “Yer kürəsinə ismarıc” adlı mövzuya həsr ediləcək. Eyni mövzulu ustad dərsi aprelin 8-də də təkrarlanacaq.

 

Həmçinin aprelin 2-də Emin Mothersin iştirakı ilə “Ulduz axtarışında”, 9-da Fidan Abilovanın iştirakı ilə “Parça-parça rənglər”, 16-da isə Aytac Aydınovanın iştirakı ilə “Günəş ətrafında” mövzularına həsr edilmiş ustad dərsləri keçiriləcək.

 

İncəsənəti və botanika elmini birləşdirən ustad dərsi iştirakçılara kətan üzərində toxum və əlaltı incəsənət ləvazimatları ilə elmi təcrübə aparmaq imkanı verəcək. Bununla da iştirakçılar bitkilərin “ünsiyyət qurma” bacarığını müşahidə etmək və incəsənət vasitəsilə Yer kürəsinə yaradıcı mesaj ötürəcəklər.

 

İştirakçılar, təbiət elementlərinin tekstura və quruluşlarını teleskop vasitəsilə müşahidə edərək, kəşf etdikləri unikal görüntülərin fotoşəkillərini çəkəcəklər. Bununla da onlar, təbiətin, kainatı özündə necə əks etdirdiklərinin şahidi olacaqlar.

 

İştirakçılar ustad dərsində, rəssam Vahap Avşarın cari sərgidə nümayiş olunan əsərinə əsaslanaraq, parçalardan unikal kollaj kompozisiyası yaradacaqlar.

 

Dərslərdə iştirakçılar fərdi olaraq karton və boyalardan planetlər düzəldəcəklər, daha sonra isə qrup şəklində planetləri birləşdirərək, Günəş sistemini yaradacaqlar.

 

Qeyd edək ki, dərslər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunacaq.