Bu maraqlıdır!

Rezin və kauçuk

Cənubi Amerikanın tropik meşələrində heveya ağacı bitir. Bu ağac heç bir şeylə diqqəti cəlb etmir. Kökünü kəssən, orada bizim zəncirotunda olduğu kimi, ağ süd şirəsi axacaq. Lakin bu süd şirəsi nisbətən qatı olur. Əgər bu şirədən çox yığıb günün altında saxlasaq, ondan yapışqan kimi sarımtıl kütlə alınacaq. Bu kütlədən Peru hindiləri uzunboğaz çəkmə düzəldib yağışda geyirdilər. İki yüz il bundan əvvəl Peruya gəlmiş avropalıların bu çəkmələrdən xoşu gəlmişdi. Axı Avropada o vaxtlar yalnız dəri ayaqqabı geyirdilər. Belə ayaqqabılar isə su keçirirdi. 


Avropa səyyahları özləri ilə soyuyub donmuş heveya şirəsi (hindilər ona “kauçuk” deyirdilər) gətirirdilər. Sonradan Avropada bu maddəyə başqa ad vermişdilər. İngilislər hər cür qatrana rezin, yapışqanlı qatrana isə qummi deyirdilər. Odur ki, heveya qatranını elastik rezin və ya qummilastik adlandırdılar. Qummilastikdən hazırlanmış ayaqqabını adi çəkmə üstündən geyməyə başladılar-ilk qaloş belə yarandı. Lakin məlum oldu ki, belə qaloş üçün elastik rezin yararlı material deyil. Bərk istidə o çox yumşalır, soyuq havada isə bərkiyib daşa dönür. Yalnız yüz ildən sonra Avropada kauçukdan daha davamlı material alındı. Bunun üçün kauçuku kükürd tozu ilə qarışdırıb güclü qızdırdılar. Alınan materialın elastikliyi kauçuka kükürdün nə qədər qatılmasından asılı idi. Bəzən lap bərk maddə alınırdı ki, buna ebonit deyilirdi. Kauçukun kükürdlə qarışdırılıb qızdırılması nəticəsində alınan elastik maddəni rezin adlandırdılar. Rezindən qaloş, plaş, uzunboğaz çəkmə, içinə hava doldurulmuş xilasedici kəmərlər və qayıqlar, bir sözlə çoxlu lazımı əşyalar düzəltməyə başladılar. 19-cu əsrin axırlarında hər yerdə elektrikdən istifadə edilməyə başlananda insanlar rezinin daha bir faydalı cəhətindən də xəbər tutdular. Axı rezin yaxşı izolyatordur, elektriki keçirmir. O vaxtdan bəri elastik rezindən asan əyilə bilən tellər üçün izolyator, ebonitdən isə ştepsel, elektrik açarının dəstəsi, elektrik lövhələri və başqa şeylər hazırlanır.


Rezinə ehtiyac get-gedə artırdı. Cənubi Amerikada və İndoneziyada heveya plantasiyaları genişlənirdi. Başqa kauçuklu bitkilər də tapılmışdı, onların da şirəsində kauçuk var idi. İnsanlar avtomobil icad edəndən sonra onun üçün rezin təkər düzəltmək lazım gəldi. Bu zaman təbii kauçuk azlıq etməyə başladı. Onda kimyaçılar işə başladılar. Onlar əvvəlcə təbii kauçukun tərkibini öyrənib, sonra süni, sintetik kauçuk yaratdılar. Dünyada ilk dəfə süni sintetik kauçuk almağı rus kimyaçısı Sergey Vasilyeviç Lebedov öyrənmişdir. 1910-cu ildə o öz laboratoriyasında sintetik kauçuk aldı. 1928-ci ildə isə öz şagirdləri ilə birlikdə kauçukun zavodda istehsalı üsulunu hazırladı.


İndi sintetik kauçuku neftdən, təbii qazdan və ağacdan alırlar.