Görkəmli şəxsiyyətlər

Aşıq Şəmşir

Aşıq sənətinin tarixi Azərbaycan xalqının tarixi qədər qədimdir.  Xalqın ruhu, xalqın dili və mənəviyyatı onda ifadə olunub, aşıq sənəti bu ruhu uzun əsrlər boyu yaşatmış, bu gün də yaşatmaqdadır. Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məmmədhüseyn, Zodlu Abdulla, Aşıq Musa, Aşıq Vəli, Şəmkirli Aşıq Hüseyn, Mirzə Bilal və başqaları bu sənəti yaşadanlardandır. Bu aşıqlardan biri də Aşıq Şəmşirdir.
 
Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. 
 
Onun əsərlərinin yaranma tarixinə, xronologiyasına nəzər salsaq, XX yüzilin əvvəllərindən başlayaraq 70 ilə yaxın söz qoşub-saz çalmasını görərik. Ustad aşıq öz sənətkar qələmini aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs, divani, ustadnamə, deyişmə və s. janrlarında sınamış, xalqın həyatı, məişəti, arzu və istəkləri ona zəngin mövzular vermiş və bədii üslub, bədii dil cəhətdən poetik nümunələr yaratmışdır.
 
Aşıq Şəmşirin "Şerlər" adlı ilk kitabı 1959-cu ildə nəşr olunub. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şerlər", "Öyüdlər" və s. kitabları işıq üzü görüb.
 
Onu əvvəllər də qiyabi tanıyan xalq şairi Səməd Vurğun aşıqla Kəlbəcərdə –İstisuda görüşməklə bu dahi ustadı kəşf etmiş, onların görüşü, tarixi, deyişməsi bütün ölkəyə səs salmışdı.
 
 
Sənətkar müxtəlif janrlı əsərlərində ana dilimizin, xalq dilinin lüğət xəzinəsinin söz qatlarına enməyi bacarmış, bunlardan ustalıqla faydalanmışdır. Aşığın seçib işlətdiyi sözlər, deyimlər daha çox xalqımızın məişəti, həyat tərzi, adət-ənənələri, gündəlik həyati zərurət və tələbatı ilə bağlı, ellərimizin ən dəyərli sözləridir, peşə-sənət və fəaliyyəti ilə əlaqədar milli frazeoloji birləşmələrdir.
 
 
Aşıq Şəmşirin şeirlərində Kəlbəcər mahalının başıdumanlı, ağçalmalı dağları, dişgöynədən bulaqları, xalı mislində olan yaylaqları, çəmənzarları,çeşidli çiçəkləri, ən əsaslısı isə genişqəlbli, safürəkli, xoşdiləkli saf insanları onun şah misralarının bəzəyi olmuşdur.
 
Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib.