Şeirlər

Abdulla Şaiq. Əkinçi

Yaz qapını aldı, əkinçi, oyan!

Dur ayağa, tarla səni gözləyir.

"Şumla yeri, dur gəl, əkinçi” – deyir.

Haydı, a zəhmət mələyi, qalx, oyan!

 

Qızdı günəş, aləmə verdi həyat,

Qonşuların tarlasını xışlayır,

Qan-tər içində hamısı işləyir,

Zəhmətinizlə yaşayır kainat!

 

Borclarına indi, gözüm, çarə qıl!

Çul, palazı qışda satıb soymusan,

Külfətini quru yerdə qoymusan,

Haydı, oyan, dərdinə bir çarə qıl!

 

Təknədə şey yox, nə axurda saman,

Külfətinin səndə qalıbdır gözü.

Yaz günəşi qarşılayır bax, sizi.

Haydı, a zəhmət mələyi, dur, oyan!