Bu maraqlıdır!

Qan köçürülməsi

Qana ehtiyac müxtəlif səbəblərdən yarana bilər: əsgər yaralanır, yaxud zavodda fəhlənin başına qəza gəlir, daxili qanaxma ucbatından insan az qalır ölsün, zəifləmiş xəstə təcili əməliyyat olunur və s.


Qan orqanizmin müqavimət gücünü bərpa etmək, yaxud onu qabaqcadan möhkəmləndirmək üçün gərəkdir. Xəstənin venalarına köçürülən bir-iki litr yeni qan onun üçün çox vaxt təzə həyat deməkdir! Qanın köçürülməsi ideyası yeni deyil. Hələ 1654-cü ildə italiyalı həkim Françesko Folli bir heyvanın qanını digərinə köçürmək üzərində təcrübələr aparırdı. Sonralar heyvanların qanını insana köçürmək cəhdləri də oldu, lakin mənfi nəticələr alındı.

 

Bu gün biz bilirik ki, bir növdən olan heyvanın qanını başqa növdən olan heyvan qəbul etmir. Yəni yad qan zəhərə çevrilir və ölümə səbəb olur. Birinci Dünya müharibəsi dövründə qanköçürmə sahəsində böyük irəliləyişlər əldə olundu. Bəlli oldu ki, bəzi insanların qanı başqalarına köçürüləndə mənfi nəticələr verir.

 

Qanı bir qrupdan olan insanın qanını, başqa qrupdan olan insana həmişə müvəffəqiyyətlə köçürmək olmaz deyə, indi insanların qan qrupunu qabaqcadan təyin etməyə üstünlük verirlər. Bundan başqa, xəstəxanalarda "qan bank" olur ki, orada qanı aşağı temperaturlarda saxlayırlar və həmin qan təcili istifadə üçün yararlı olur. Bu banklar elə pul qoyulan banklar kimi işləyir, birindən qan qəbul edib digərinə verir. Bu o deməkdir ki, istənilən qrupdan olan qana ehtiyac yarandığı təqdirdə, bankda onun bəlli bir ehtiyatı olur.

 

Bu gün qan banklarında yalnız qan deyil, həm də plazma saxlanılır. Qanın duru, yaxud plazma hissəsi qan hüceyrǝlərindən ayrılıb dondurulur. Sonra plazma qurudulur və toza çevrilir. Onu hermetik paketlərə töküb yanına sterilizə olunmuş su da qoyub, saxlayırlar. Qana ehtiyac olanda, su plazmanın ilkin maye vəziyyətini bərpa edərək onu köçürülmə üçün yararlı vəziyyətə gətirir. Burada qan qrupunun əhəmiyyəti yoxdur, çünki plazmada qan hüceyrələri olmur. Odur ki, ondan harada desən, istənilən xəstənin müalicəsində istifadə etmək olar.