Görkəmli şəxsiyyətlər

Tofiq Mahmud

Azərbaycan uşaq poeziyası və nəsr yaradıcılığında öz orijinal dəst-xətti olan, şair, tərcüməçi Tofiq Mahmud oğlu Mehdiyev 1931-ci il noyabrın 6- da Naxçıvan MR-nın Şahbuz rayonunda anadan olmuşdur. 
 
 
Orta təhsilini Bakıda 31 saylı məktəbdə almış, 1949-1954cü illərdə  Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 
 
 
1948-ci ildə “Şirindir” adlı ilk şeiri “Azərbaycan pioneri” qəzetində dərc olunanda o, hələ tələbə idi. Universiteti bitirdikdən sonra Mədəniyyət Nazirliyində fəaliyyətə başlayan T.Mahmud daha sonrakı illərdə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir və “Göyərçin” uşaq jurnalında ədəbi işçi kimi çalışmış, 1976-cı ildən ömrünün sonuna qədər isə “Göyərçin” uşaq jurnalının baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdir. 
 
 
"Balaca vaxtdan özünü zəhmətə, öyrənməyə, şirin və gözəl arzularla yaşamağa, kitabı sevməyə, müntəzəm surətdə mütaliə etməyə öyrədən bir uşaq gələcəkdə, heç şübhəsiz, ağıllı, kamallı, yüksək səviyyəli, mədəni, inkişaf etmiş bir vətəndaş olacaqdır". - deyən Tofiq Mahmudun uşaqların bir şəxsiyyət kimi formalaşmasında, onlara vətən sevgisinin aşılanmasında böyük rolu olmuşdur. 
 
 
1959-cu ildə “Yola çıxıram” adlı ilk kitabını nəşr etdirən sənətkarın ondan sonra xeyli sayda şeir və nəsr əsərləri işıq üzü gördü.“Dibçək”, “Utancaq oğlan”, “Meşədə səs” , “Ana qucağı”, “Dalğalar”, “Pəncərəyə toxunan budaq”, “Kəpənək gözəlliyi”, “Yerə dağılan muncuqlar” və s. bədii kitablar sənətkarı oxucular arasında daha yaxından tanıtdı. Onun bir çox əsərləri dünya xalqlarının dilinə tərcümə edilmişdir. 
 
 
Şair, nasir, publisist, tərcüməçi kimi fəaliyyət göstərmiş, bir-birindən gözəl və dəyərli  əsərlər müəllifi olan Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat etmişdir.