Təbiət

İt cinslərinin adları

İt bütün heyvanlardan əvvəl əhliləşdirilib və insan bu zaman ərzində müxtəlif məqsədləri üçün 200-dən artıq it cinsi alıb.

 

Qədim romalılar itləri cəmi üç qrupa bölürdülər: ağıllı itlər, döyüş itləri, qaçağan itlər. Bu gün Beynəlxalq İtçilik klubu itlərin altı əsas sinfini müəyyənləşdirir: qoxunu havadan alaraq ov edən idman itləri; qoxunu yerdən alan ov itləri; yeri eşərək gizlənib ov edən teryerlər; işçi itlər; kiçik otaq itləri və bir də çox yerdə tətbiq olunan qeyri-idman itləri.

 

Bəzi it cinsləri öz adlarını özlərinin səciyyəvi xüsusiyyətlərinə əsasən alıblar. Məsələn, ingiliscə "bloodhound" adlanan itlərin qan iyini duyma özəlliyi var. Amma tazının öz adını necə alması heç vaxt ağlınıza gəlməz. Tazı (ingiliscə "grey- hound") sən demə, bir zamanlar "grai- hound" adlanırdı, çünki mənşəyini Yunanıstandan götürmüşdü. Bu cinsin ilkin adı "graykoi", yəni "yunan" olub!

 

Buldoq cinsi qabaqlar öküzlərlə (ingiliscə "bull") işləmək üçün yetişdirilmişdi. Poynter (ingiliscə "pointer") cinsinin adı da aydındır: bu it ovu burnu ilə göstərir ("point" sözünün ingiliscə mənası həm də "göstərmək"dir). Setter isə bunu başqa cür edir. O, ovun gizləndiyi yerdə durur ("set" ingiliscə "duruş" deməkdir)! Bayaq yada saldığımız, yeri eşərək gizlənib ov edən teryerin adı latın dilində "terra" - "yer" deməkdir.

 

Dovşan qovan tazı (harrier) öz ovunun adıyla (hare) çağrılır. Qısaayaq tazı (beagle) öz adını qədim gellərin dilindəki "beag"- "balaca" sözündən götürüb. Senbernar cinsinin adı isə Alp dağlarındakı Müqəddəs Bernar (St.Bernard) monastrından gəlir. Həmin it cinsini orada yetişdiriblər.

 

Spits-pomeranian cinsi Pomeraniyada ( o zamanlar Prussiyanın bir əyaləti) yetişdirilib. "Mastiff" adı isə italyan dilində "qoruq iti" mənasında olan "mastino" dan gəlir. Spaniyel, elə adından da göründüyü kimi, ispan itidir (Spain - İspaniya). Pudel isə alman dilində "gölməçə" deməkdir - bu it sudan heç qorxmur.