Mədəni irsimiz

Bərdə xalçası

Azərbaycanda bir neçə xalçaçılıq mühiti məktəbi var və onlardan biri də Qarabağ xalçaçılıq məktəbidir. Əsrlərdən bəri inkişaf edən Qarabağ xalçaçılığı çeşidli xalça növlərinə malikdir.

 

Orta əsrlərdən məşhur olan, öz şöhrətini günümüzədək saxlayan Qarabağ xalçaları adları və naxışları ilə seçilir.

 

Ən qədim Azərbaycan xalçalarından biri Bərdə xalısıdır. Onu rus alimləri 100 il əvvəl Qarabağda apardıqları qazıntı işləri zamanı tapmışlar.  Adı Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə şəhərinin adından götürülüb; bu "Bərdə" adı ilə tanınan xalçaların ilk olaraq Bərdə və ya onun ətraf kəndlərində toxunduğuna  işarədir.

 

Strateji cəhətdən əlverişli mövqeyə malik, iqtisadi baxımdan inkişaf etmiş Bərdə şəhərində V-VII əsrlərdə  sənətkarlıq və ticarətlə yanaşı elm və təhsil də inkişaf etmişdir. Azərbaycan tarixi ilə bağlı günümüzə gəlib çatmış ən qədim əsər olan (VII əsr) M.Kalankatlının "Albaniya tarixi" də burada yazılmışdır.

 

Burada böyük miqdarda ipək istehsal və ixrac edildiyi, qırmız və marena ixrac edildiyi bir çox orta əsr müəllifləri tərəfindən qeyd edilmişdir. Bərdə xalçalarının ümumi dekorunun başlanğıcını əyrixətli nəbati naxışlardan yaradılmış "Ləçəkturunc" kompozisiyasından aldığını, onun qeyri-peşəkar toxucular tərəfindən mənimsənildiyini və bu səbəbdən də xalçanın kompozisiyasında çox elementlərin güclü təhrifə uğradığını yazır. Bəllidir ki, "Ləçəkturunc" kompozisiyalı bəzi xalçalarda ancaq mərkəzdə turunca (medalyona) yer verilir, ləçəklər isə olmur. Xalçanın ara sahəsində qalan boşluqlara bir-biri ilə əlaqəsi olmayan müxtəlif dekor elementləri yerləşdirilmişdir. Qədim xalçalarımızın bir çoxunda olduğu kimi, xalçanın haşiyə kompozisiyası çox da geniş deyil, ara haşiyə və onun iki tərəfində yerləşən mədaxil və siçandişi kimi müxtəlif ölçülü haşiyə zolaqlarından ibarətdir.