Nağıllar, hekayələr

Zahid Xəlil. Budaqdan düzəldilmiş pişik

Biri var idi, biri yox idi, budaqdan düzəldilmiş bir pişik var idi. Uşaqlar onu əyri-üyrü budaqdan kəsmişdilər ki, uzaqdan baxan pişiyə oxşatsın. Bığları uzun və şeşə idi. Quyruğu isə xalis quyruq idi ki, durmuşdu. Əgər əlinlə toxunmasaydın onun ağzının və dişlərinin də ağacdan olduğuna inanmazdın.


Bu qəşəng və yaraşıqlı pişiyi rəngləyib stolun yuxarı başına qoymuşdular. Pişik gecə-gündüz cürbəcür qabların arasında başıaşağı durub fikirləşirdi. Fikirləşirdi ki, görəsən o, niyə ağacdan olsun. Yox, bu işi belə qoymaq olmazdı. Uşaqlar məni cansız hesab edib üst-başımı rəngləyiblər. Axı niyə bütün pişiklərin və siçanların öz rəngi olsun, təkcə mən beləcə qalım.


Pişik fıkirləşirdi ki, heç olmazsa bircə dəfə siçanları qova bilsə qətiyyən dərdi olmazdı. Eh, amma bu yaramazlar gecədən xeyli keçəndən sonra evi ələk-vələk edirlər. Heç məni veclərinə də almırlar. Bir dəfə avara bir siçan nazik dişlərini bədənimə sancdı. Amma mən də ona borclu qalmadım. Siçan məni dişləyəndə bədənimdəki tilişkəni onun damağına batırdım.


Onda görəydiniz bu yaramaz necə ciyildəyir. Axırı ki, onlara pişik olduğumu başa saldım.


Pişik yaraşıqlı stolun üstündə zərli boşqabların və büllur qabların arasında oturub beləcə dərin fıkrə getmişdi. Amma dərdini kimə söyləyəcəkdi, bax orasını bilmirdi. Gecədən xeyli keçmiş siçanlar gəlib çıxdı. Onlar düz pişiyin yanına qalxdılar. Pişik gözlərini nə qədər ağartdısa siçanlar ondan qətiyyən qorxmadılar. Quyruğunun ucu ağ siçan dedi:
—Nə gözlərini ağardırsan? Səndən qorxub eləyən—zad yoxdu!


Daha buna dözmək olmazdı. Pişik bilmədi ki, neyləsin. Hirsindən ayaqlarını stolun üstünə basıb gözlərini ağartmaqdan başqa çarəsi qalmadı. Siçanlar isə ona yanıq verirlərmiş kimi bir-birinin quyruğundan tutub oynamağa başladılar. Pişik daha fürsəti əldən vermədi. İki qabaq ayağını büllur külqabına, arxa ayaqlarını isə qırağı qızıl haşiyəli boşqaba keçirib gözlərini siçanlardan çəkmədi. Onun yanından keçəndə hökmən quyruqları ilə pişiyə toxunur, onu qəzəbləndirirdilər. Bir dəfə quyruğunun ucu ağ siçan yanından keçəndə pişik onun quyruğunu boynuna dolayıb dartdı. Siçan pişiyin necə güclü olduğunu görüb bərkdən ciyildədi. Bir azdan bütün siçanlar dostlarına köməyə gəldilər. Onlar necə dartdılarsa pişik də, ayağını dirədiyi külqabı da gumbultu ilə aşağı düşdü.

 
Boşqablar çilikləndi. Büllur külqabı iki parça oldu. Amma sizə deyim ki, pişik ayağı üstə dayandı. Doğrudur, o yerə düşəndə bir neçə dəfə kəlləmayallaq aşdı, əsl cəngavərlər kimi ayaq üstə dayana bildi.


Siçanlar bilmirəm qabların səsindənmi, yoxsa pişiyin belə güclü olmasındanmı bir vahiməyə düşdülər ki, gəl görəsən. Qaçıb dağıldılar və səhərə kimi gözə görünmədilər. Pişik isə bütün gücünü toplayıb ayaq üstə dayanmışdı. Doğrudur, əvvəl o xeyli qorxdu və qorxudan bığının bir-iki tükü də düşdü. Amma axırda siçanların qaçıb dağıldığını, özünün isə belə salamat qalmağını görüb çox sevindi. O indi ayaq üstə durub fıkirləşirdi:
—Bax belə! Axırı ki, biz də öz gücümüzü göstərə bildik. Mən bilən bu igidliyimə görə uşaqlar məni heyvanxanaya verərlər. Ola bilsin ki, həddindən artıq güclü olduğum üçün məni lap pələnglər yatan qəfəsə salacaqlar. Amma nahaq yerə. Mən qəfəssiz də heç kəsə toxunan deyiləm. Amma orasını da deyim ki, qəfəs mənim çox xoşuma gəlir. Dövrəmdə qorxa-qorxa hərlənir, hərdən də əllərinə düşəndən sənə verirlər. Sən də bığlarını sallayıb onlara hirsli-hirsli baxır, arabir də nərə çəkirsən. Pis həyat deyil. Amma xahiş edəcəyəm ki, məni hərdənbir gəzməyə buraxsınlar. Bir az meşədə gəzib sonra qayıdaram. Səhər yuxudan duran kimi uşaqların anası yerə səpələnmiş qab qırıqlarını görüb hirsləndi.


—Harda bir çör-çöp görürsünüz gətirib yığırsınız stolun üstünə. Heyf bu qablardan. Sonra hələ də ayaq üstə dayanaraq heyvanxanaya aparılmağmı gözləyən pişiyi görüb yerdən götürdü və aparıb zibil yeşiyinə atdı.


Ağacdan düzəldilmiş pişiyə yazığım gəlirdi. Heç belə də ədalətsizlik olar?