Təbiət

Kökenhof gül parkı

Hollandiyanın “Kral çiçək bağı” kimi tanınan “Kökenhof” parkı (Keukenhof) – dünya üzrə ən böyük və ən gözəl çiçək bağıdır. 


Dünyanın ən məşhur şəhər bağlarından biri olan bu park - Leyden və Haarlem şəhərləri arasında, kiçik Lisse şəhərində, Şimal dənizindən təxminən 5 km məsafədə yerləşir və ildə cəmi 2 ay açıq olur. 


Hər il, 32 hektar ərazini əhatə edən park ərazisində, təxminən 7,000,000 (yeddi milyon) gül soğanaqları əkilir: bu, əsasən, müxtəlif rəngli tülpanlar, nərgiz gülləri, sünbülçiçəyi, krokus və digər güllərdir. 


Parkın ərazisində çoxlu sayda göllər, gölməçələr, şəlalələr, çaylar və kanallar var. 40-dan çox körpü və piyada körpüsü göllərin və kanalların sahillərini birləşdirir.


Parkın tarixi məhz XV əsrə təsadüf edir. O zamanlar parkın ərazisi tamamilə meşə və qum təpələri ilə örtülü olub və Hollandiya hökmdarının “ov yeri" kimi xidmət edib. Yaxınlıqdakı Teylingen qalasının sakinləri üçün ətrafdakı bu ərazi vaxtilə ov, daha sonra isə bostan kimi istifadə olunub. Qala yaxınlığındakı ərazidə dərman bitkiləri, qida məqsədli (mətbəxdə istifadə olunan) bitkilər yetişdirildiyindən, ərazi - Holland dilində "mətbəxin həyəti" mənasını verən-  “Keukenhof” adlandırılıb.


1640-cı illərdə bostanın yerində malikanə tikilib və XIX əsrin əvvəllərində mülk Mauritshuis sənət bilicisi və direktoru Jan Stenqrahta məxsus olub. 1861-63-cü illərdə əsas malikanə neo-qotik üslubda yenidən qurulur və köhnə holland memarlığı üçün ənənəvi olan qüllələr ilə əvəz edilir. XIX əsrin ortalarında Keukenhof malikanəsinin yeni sahibləri - Baron və Baronessa van Pallandt Amsterdam Vondel parkının abadlaşdırılması ilə məşhur olan landşaft memarları Zoxerlərə (ata Yan David və oğlu Lüdviq Paul) ətrafı abadlaşdırmağı tapşırırlar. Parkının abadlaşdırılması 1857-ci ilə təsadüf edir.


Güllərdən ibarət əyləncə parkı yaratmaq, eyni zamanda satışdan qazanc əldə etmək ideyası 1940-cı illərdə çiçək istehsalçıları və ixracatçıları tərəfindən irəli sürülür və Gül ticarəti üçün vizual ekspozisiya yaratmaq qərara alınır. Onlar təkcə tülpan deyil, həmçinin nərgizlər, sünbülçiçəyi, yapon sakuraları yetişdirməyə başlayırlar. Park, ilk dəfə 1949-cu ildə dünyaya təqdim edilir. İlk sərginin açılışını Kraliça Juliana şəxsən özü edib. Onun həyat yoldaşı Şahzadə Bernard daha sonra park haqqında bir neçə sənədli film çəkmişdir.


2003-cü ilin payızında Şahzadə Willem-Alexander Olimpiya mükafatçıları ilə birlikdə park ərazisində Olimpiya üzüklərini təsvir edən kompozisiya üçün ilk gül soğanaqları əkmişdir. 


2005-ci ilin çiçək mövsümünü Şahzadə Marqarita açmışdır.