Xəbərlər

Paytaxt məktəblərində “Eko-təqdimatlar” layihəsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsinə başlanılıb.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitə həssas münasibətinin formalaşdırılması, milli sərvətlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasıdır.


BŞTİ və SOCAR-ın Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar və ekspertlər dəvət olunurlar.


Layihə çərçivəsində ümumtəhsil müəssisələrində “Yaşıl davranış”, “Ekoloji monitorinq nədir?”, “Nə edək?”, “Alternativ və bərpa olunan enerjinin istifadəsi”, “Azərbaycanın biomüxtəlifliyi” ,“Sağlam həyat tərzi”, “Səs-küy çirklənməsi”, “Tullantıların idarəolunması” və digər mövzularda maarifləndirici təqdimatlar keçirilir.


Qeyd edək ki, təqdimatların tədris ilinin sonunadək paytaxtdakı ümumtəhsil məktəblərində reallaşdırılması nəzərdə tutulur.