Xəbərlər

Vampir Yarasalar

Bir neçə yarasa ailəsindən biri olan vampir yarasalar  Cənubi və Mərkəzi Amerikada yaşayan yarpaq burunlu yarasa növüdür. Bu yarasa növlərindən günümüzədək gəlib çıxan  üç növ yalnız qanla qidalanır. Bunlar adi vampir yarasa, tüklü ayaqlı vampir yarasa və ağ qanadlı vampir yarasadır.

 

Amerikalı tədqiqatçılar, həmçinin Norveç və İsveç alimləri ilk vampir yarasaların təxminən 26 milyon il əvvəl meydana çıxdığını bildirirlər.


Vampir yarasalar ovunu aşkar etmək üçün yaxşı inkişaf etmiş qoxu alma və məməlilər arasında unikal xüsusiyyət olan infraqırmızı şüalanmanı aşkar etmək qabiliyyətinə malikdir. Digər yarasalarla müqayisədə vampir yarasalar ovlarına gizlicə yaxınlaşmaq üçün  müstəsna hərəkət bacarıqlarına malikdirlər. Ülgüc kimi iti, minasız üst kəsici dişlər ovun dərisini kəsməyə kömək edir. Tüpürcəyindəki laxtalanma önləyicilər qidalanma zamanı ovun qanının laxtalanmasının qarşısını alır.


Alimlər yalnız qanla qidalanan vampir yarasalar üzərində ciddi araşdırmalar aparıb və onların niyə belə yaşaya bilən yeganə məməlilər olduğunu öyrəniblər. Bu elm adamları vampir yarasa genlərini digər yarasaların genləri ilə müqayisə etdilər və nəticədə vampir yarasalarda olmayan və ya təsirsiz hala gələn 13 geni müəyyən etdilər. Bu dəyişikliyə görə, vampir yarasalar yüksək protein və dəmir tərkibli, yağ və karbohidrat az olan qanla qidalanmağa uyğunlaşıblar.